EN

BSU-da Qərbi Azərbaycan Elmi Tədqiqat Mərkəzinin Açılışı və Elmi Konfrans Keçirilib

Fevralın 13-də Bakı Slavyan Universitetində (BSU) “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Qərbi Azərbaycan tədqiqatlarda: çağırışlar və perspektivlər” mövzusunda elmi konfrans və Qərbi Azərbaycan  Elmi Tədqiqat Mərkəzinin rəsmi açılışı baş tutub. Tədbirdə Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcmasının İdarə heyətinin üzvləri, tanınmış alimlər və  tədqiqatçılar iştirak edib.  
 
İştirakçılar öncə BSU-nun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzi ilə tanış olublar. Açılış mərasimində BSU-nun rektoru Anar Nağıyev mərkəzin 2024-cü ildə təsis edildiyini qeyd edərək, tədbirdə iştirak edən qonaqlara rəsmi aşılışda iştiraklarına görə təşəkkürünü bildirib.
 
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümumilli Lider Heydər Əliyevin və  Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.  
 
Açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev universitetin elmi-tədqiqat fəaliyyətində Qərbi Azərbaycan məsələsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı çıxışlarına istinad edərək, A.Nağıyev bu istiqamətdə qarşıya qoyulan hədəflərə çatmaqda ali təhsil müəssisələrinin rolunun əhəmiyyətini qeyd edib. Rektor BSU-da Qərbi Azərbaycanın milli-mədəni irsinin  tədqiqi sahəsində görülmüş işlər barədə xüsusi önəm verildiyini bildirərək, son illərdə bu sahədə həyata keçirilən təşəbbüslər, aparılan tədqiqatlar və əməkdaşlıqlar barədə ətraflı məlumat verib. A. Nağıyev universitetdə Qərbi Azərbaycan irsinin  təbliği məqsədilə stimullaşdırıcı mexanizmlərin mövcudluğunu, müxtəlif elmi tədbirlərin təşkil edildiyini, müvafiq seçmə fənlərin tədris proqramlarına daxil edildiyini, elmi nəşrlərin hazırlandığını və tədqiqat istiqamətlərinin genişləndirildiyini diqqətə çatdırıb.  BSU-nun elmi-tədqiqat strategiyasına toxunan rektor, Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzinin təsis edilməsini mühüm hadisə olduğunu bildirib. 
 
Çıxışı zamanı rektor A. Nağıyev Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən Qərbi Azərbaycan Mərkəzi ilə əməkdaşlığın əhəmiyyətini qeyd edərək, mərkəzin təqdim etdiyi davamlı metodoloji dəstəyi yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Naxçıvan Dövlət Universiteti ilə bu istiqamətdə həyata keçirilən birgə tədbirlərin və tədqiqatların vacibliyini vurğulayan rektor, bu kontekstə  adıçəkilən universitetlə əməkdaşlığın xüsusi əhəmiyyətini qeyd edib. Rektor A.Nağıyev bildirdi ki, Qərbi Azərbaycan tədqiqatları üzrə müxtəlif dillərə tərcümə eləcə də beynəlxalq tədbirlərdə təqdim olunması xarici tərəfdaş Universitetlər ilə birgə tədbirlərin keçirilməsi Universitetin gələcək planları arasındadır.
 
 
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında Elm və Təhsil Nazirliyi tərəfindən Qərbi Azərbaycana həsr olunmuş tədbirlərin geniş miqyasını və əhəmiyyətini vurğulayıb. Firudin Qurbanov təhsilin bütün pillə və səviyyələri üzrə Nazirliyin fəaliyyətini diqqətə çatdıraraq, bu istiqamətdə Qərbi Azərbaycan İcması ilə əməkdaşlığın yüksək səviyyədə həyata keçirildiyini qeyd edib.  F.Qurbanov əvvəlki dövrlərdə müvafiq tədqiqatların yetərli səviyyədə aparılmadığını bildirərək, bu xüsusda ali təhsil müəssisələrinin, tədqiqatçıların və alimlərin bu sahədə oynadığı mühüm rolu xüsusi qeyd edib.  Həmçinin Nazir müavini BSU-nun Qərbi Azərbaycana dair tədqiqatların müxtəlif dillərdə toplanması, universitet kitabxanasının zənginləşdirilməsini, yerli müəlliflərin əsərlərinin müxtəlif dillərə tərcüməsi və geniş ictimaiyyətə çatdırılması, eləcə də xarici tərəfdaş universitetlərlə əməkdaşlıq çərçivəsində konfransların, simpoziumların və digər elmi tədbirlərin keçirilməsini qeyd edib.
 
Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli BSU-da fəaliyyət göstərən Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib və icma tərəfindən bu sahədə zəruri materialların mərkəzə təqdim ediləcəyini bildirib. Ə.Ələkbərli həmçinin Elm və Təhsil Nazirliyi ilə sistemli əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq, maarifləndirici tədbirlərin təşkilinin əhəmiyyətini qeyd edib və əsas məqsədlərdən birinin tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılması olduğunu bildirib.  
 
Konfransda çıxış edən digər natiqlər Qərbi Azərbaycan həqiqətlərinin müxtəlif dillərə tərcümə olunması və bu mövzuda məlumat bazalarının yaradılmasının vacibliyini qeyd ediblər. Onlar belə tədbirlərin təkcə ölkə daxilində deyil, eyni zamanda beynəlxalq səviyyədə keçirilməsinin əhəmiyyətini vurğulayaraq, mədəni irsin qorunması istiqamətində gənclərlə aparılan işlərin zəruriliyini diqqətə çatdırıblar. Həmçinin natiqlər çıxışları zamanı bu sahədə fəaliyyət göstərən Elmi-Tədqiqat Mərkəzinin rolunun əhəmiyyətini qeyd ediblər.
 
Konfrans çərçivəsində  Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, dosent Könül Həsənova tədqiqatçı Cəlal Allahverdiyev ilə birlikdə ərsəyə gətirdiyi “Tarixi təhsil ocağı: İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi” kitabı barədə geniş məlumat təqdim edib, kitabın BSU-da ətraflı müzakirəsinin təşkil edilməsi qərara alınıb.
 
 
Konfrans elmi diskussiyalar və geniş müzakirələrlə davam edərək, yekunlaşdırılıb.
Chosen
22
24
moderator.az

10Sources