EN

Florian Virts Bundesliqada yanvarın ən yaxşısı elan edildi

“Bayer”in hücumameyilli yarımmüdafiəçisi Florian Virts Almaniya Bundesliqasında yanvar ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə yarışın mətbuat xidmətinə istinadən xəbər verir.

21 yaşlı futbolçu səsvermə zamanı “Bayern”dən Yozua Kimmix, Maykl Olise, “Leypsiq”dən Villi Orban, Xavi Simons, həmçinin “Verder”dən Romano Şmidi qabaqlayıb.

Virts yanvarda Bundesliqada meydana çıxdığı 4 oyunda 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Leverkuzen təmsilçisinin lideri bu mövsüm bütün turnirlər çərçivəsində keçirdiyi 34 matçda 15 qol vurub.

“Bayer” hazırda 46 xalla Bundesliqanın turnir cədvəlində ikinci pillədə qərarlaşıb və lider “Bayern”dən 8 xal geridədir.

Florian Virts “Bayer”in əsas komandasında 2020-ci ilin iyul ayından çıxış edir. Buna qədər gənc yarımmüdafiəçi “Brauvayler”, “Köln” və “Bayer”in yeniyetmələrdən və gənclərdən ibarət komandalarında çıxış edib.

Virtsin Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Virts cari mövsümdə “əczaçılar”ın heyətində bütün yarışlarda 34 oyuna çıxıb, 15 qol vurub, 12 məhsuldar ötürmə verib.

Virtsin “Bayer”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 186 oyun, 56 qol, 62 məhsuldar ötürmə.

Virts “Bayer”lə Almaniya Bundesliqasının (2023/2024), Almaniya Kubokunun (2023/2024) və Almaniya Super Kubokunun (2024/2025) qalibi olub. Uğurlu çıxışı sayəsində Virts Almaniya Bundesliqasında 2023/2024-cü illər mövsümünün ən yaxşı oyunçusu seçilib.

Florian Virts 2021-ci ilin sentyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 29 oyuna çıxıb, 6 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib. Florian Almaniyanın U-21 yığması ilə 2021-ci il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 21 yaşlı alman hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.

Chosen
75
5
arena.az

6Sources