“Qrupumuzdakı bütün görüşlərə ciddi hazırlaşmaq lazımdır. Oyunların Bakıda keçirilməsi bizim üçün əlavə stimuldur. Öz azarkeşlərimizin dəstəyi altında doğma meydanda oynamağımız bizə müsbət təsir göstərəcək”.
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycanın 17 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nərgiz Qurbanova AFFA-nın rəsmi saytına açıqlamasında deyib.
O, martın 12-dən 18-dək Bakıda təşkil olunacaq Avropa çempionatının II seçmə mərhələsinin qrup oyunları barədə fikirlərini bölüşüb. İlk rəqib Lüksemburqu tanıdıqlarını söyləyən N.Qurbanova qrupun favoritini də açıqlayıb: "Lüksemburqla ötən Avropa çempionatının seçmə mərhələsində qarşılaşmışdıq. Həmin matçı təhlil etdik və səhvlərimizin üzərində işlədik. Bu dəfə daha yaxşı çıxış etməyə çalışacağıq. Bolqarıstan yığması qrupun favoritidir. Çünki onlar sonuncu dəfə A Liqasında çıxış edib, Fransa kimi komanda ilə heç-heçəyə nail olublar. Həmçinin Malta da yaxşı rəqibdir.”.
Təqvimə əsasən, yığmamız martın 12-də Lüksemburq, 15-də Bolqarıstan, 18-də isə Malta ilə qüvvəsini sınayacaq. Hər üç görüş “ASCO Arena”da keçiriləcək.