EN

Bakının 5 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bakı şəhərinin 5 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırmalar zamanı Xətai rayonunun Afiyəddin Cəlilov küçəsi 80D ünvanında yaşıllıqlar məhv edilərək qanunsuz parklanma yeri quraşdırılıb, həmçinin torpağın münbit qatı örtülmüş və piyada yolunun dəyişdirilməsi aşkar edilib.

Qeyd edilən qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdimatlar verilib.

Həmçinin, Nərimanov rayonu Fətəli Xan Xoyski 95 A, Yasamal rayonu Eldar Ağayev küçəsi 41, Nizami rayonu Babək prospekti 89 ünvanında və Sabunçu rayonu Zabrat qəsəbəsi istiqamətində magistral yolun sağ tərəfində yerləşən qeyri-yaşayış sahəsində meşə fonduna daxil olmayan ümumilikdə 83 ədəd ağac və kolun qanunsuz kəsilməsi və məhv edilməsi nəticəsində təbiətə 60 min manatdan çox ziyan vurulması müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi) və 260.1-1-ci (külli miqdarda ziyan vurmaqla ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına və Fövqəladə Hallar Nazirliyinə göndərilib.

Chosen
26
25
report.az

10Sources