Albaniyanın paytaxtı Tiranada U23 Avropa çempionatı davam edir.
QOL.az xəbər verir ki, bu gün qadın güləşi üzrə Azərbaycan millisinin daha 4 üzvü mübarizəyə qoşulub.
Elnurə Məmmədova (53 kq) italiyalı Mariya Feroneyə (11:0) və ispaniyalı Karla Solerə (12:0) tam üstünlüklə qalib gələrək finala yüksəlib. Elnurə sabah finalda rusiyalı Yekaterina Karpuşkinayla qarşılaşacaq.
Gültəkin Şirinova (57 kq) 1/4 finalda belaruslu Arina Martinavaya 2:10 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Gültəkin sabah təsəlliverici görüşdə türkiyəli Əminə Çakmakla güləşəcək.
Birgül Soltanova (62 kq) 1/4 finalda fransalı İris Tibuya 1:3 hesabıyla məğlub olub.
Ruzanna Məmmədova (65 kq) əvvəlcə polşalı Olqa Padoşiki (6:3), daha sonra isə rusiyalı Yekaterina Koşkinanı (8:6) mübarizədən kənarlaşdırıb. Ruzanna yarımfinalda belaruslu Kseniya Tsiareniyaya 1:3 hesabıyla məğlub olub. Məmmədova sabah bürünc medal uğrunda Oleksandra Rıbak (Ukrayna) – Beyza Akkuş (Türkiyə) görüşünün qalibiylə üz-üzə gələcək.