Müavinət və təqaüdlərin artırılması ilə bağlı rəsmi təkliflər bu həftə təqdim ediləcək.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov öz Feysbuk hesabında yazıb.
Millət vəkilinin sözlərinə görə, rəsmi statistikaya əsasən, bu ilin yanvar ayında Azərbaycanda orta aylıq əməkhaqqı 12,8 faiz artaraq 1062,9 manata çatıb:
"Aylıq maaş artımının iki rəqəmli olması bu ildən minimum və eləcə də bir sıra sektorlarda əməkhaqqı artımları ilə bağlıdır. Yeni sosial paketin icrasına başlanılması ölkə üzrə orta aylıq əməkhaqqı məbləğinə də müsbət təsir edib. Builki sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə edəcək və bu məqsədlə əlavə olaraq 1.5 milyard manatdan çox əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Bu isə o deməkdir, sosial paket maaş və pensiya artımları ilə məhdudlaşmayacaq. Cənab Prezidentin tapşırığına uyğun olaraq Nazirlər Kabineti müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanmasını yekunlaşdırmaqdadır".
V.Bayramov qeyd edib ki, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamının 23 dekabr 2024-cü ildə imzalandığını və Nazirlər Kabinetinə 3 ay vaxt verildiyini nəzərə alsaq, bu həftə sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı rəsmi təkliflərin təqdim ediləcəyi gözlənilir. Daha sonra sosial paketin növbəti istiqaməti olaraq yeni artımlar olacaq.
"Beləliklə, sosial paketin növbəti mərhələsində müavinət və təqaüdlərdə artımlar həyata keçiriləcək. Bu isə 2025-ci ildə sosial paketin daha dərinləşməsi və daha çox vətəndaşımızın sosial təminat tədbirlərindən faydalanmasına imkan yaradacaq",- deputat vurğulayıb.