RU

Vitali Borisov son üç oyunu finala bərabər sayır

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov sabah Yunanıstan yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan millisi Avropa çempionatının (AÇ-2026) əsas seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Yunanıstan yığması ilə oyundan öncə bu gün son məşqini keçirib.

Hazırlıq prosesi başa çatdıqdan sonra baş məşqçi Vitali Borisov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib. O, komandanın durumu ilə bağlı bunları söyləyib:

“Xorvatiya səfərindən sonra uşaqlarda yorğunluq olduğuna görə, bir qədər istirahət verdik. Bakıya döndükdən sonra iki məşqimiz oldu. Komanda olaraq məğlubiyyəti unutmalı, Yunanıstanla görüşə köklənməliyik. Çünki qarşıdakı 3 oyun – Yunanıstanla iki, İsveçlə səfərdəki görüş bizim üçün final seriyasıdır. Xüsusilə də sabahkı matç çox vacibdir.

Bakıya döndükdən sonra heyətdə bir dəyişiklik etmişik. İlham Alıyevin əvəzinə Seymur Məmmədovu komandaya dəvət etdik. Seymur zədəsini sağaldıb. O, daha təcrübəli futzalçıdır və müdafiədə bizə çox kömək edə bilər. Heyətimizdə müdafiəçilərin sayı azdır. İlham gəncdir, perspektivli futzalçıdır, onun da xidmətindən digər matçlarda istifadə edəcəyik.

Yunanıstanın oyununu analiz etmişik. Zəif və güclü tərəflərini gördük, uşaqlara necə oynamalı olduqlarını başa saldıq. Nə dərəcədə alınacaq, bunu sabahkı matçda görəcəyik”.

Xatırladaq ki, futzal yığmamız yer aldığı b qrupundakı ilk iki oyununda 1 xal qazanıb. Bakıda İsveçlə sülh bağlayan (3:3) millimiz səfərdə Xorvatiyaya 2:9 hesabıyla uduzub. Sabah Bakı İdman Sarayında baş tutacaq Yunanıstan yığması ilə oyuna isə saat 20:00-da start veriləcək.

Избранный
17
3
arena.az

9Источники