RU

“Turan Tovuz”dan yenilik, azarkeşlərdən etiraz aksiyası

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz”un ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunda bəzi yeniliklər edilib.

Arena.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamada bunlar qeyd olunub: “Bildiyiniz kimi, vacib və məsuliyyətli bir yola çıxmışıq. Bu yolda klubumuzun ən böyük dəstəkçisi məhz 12-ci oyunçumuz olan azarkeşlərimizdir. Tovuzlu azarkeşlər komandalarına sadiqliyi, mükəmməl dəstəyi, qonaqpərvərliyi, nümunəvi davranışları ilə hər zaman diqqət mərkəzində olublar. Nəticədən, məsafədən, hava şəraitindən asılı olmayaraq, komandamıza göstərdiyiniz dəstək bizi daha da ruhlandırır.

Çıxdığımız vacib və məsuliyyətli yolda bir çox əngəlləri aşmalı, çatışmazlıqları aradan qaldırmalıyıq. Stadionumuzun tələb olunan standartlara cavab verməsi üçün əməli fəaliyyətə başlamışıq. Təmir-bərpa və yenidənqurma işləri ilə yanaşı, infrastruktur meyarının tələblərinə uyğun olaraq, stadionumuzda 10 ədəd həssas kamera quraşdırılıb. Təhlükəsizliyin təmin olunması, neqativ halların qarşısını almaq məqsədi ilə quraşdırılan kameralar vasitəsi ilə hər hansı neqativ hərəkətə yol verən şəxsin kimliyi qısa müddətdə aşkar olunur.

Qeyd edək ki, neqativ hallar klubun, azarkeşlərin imicinə zərər vurmaqla yanaşı, böyük maliyyə cərimələrinə gətirib çıxarır. Odur ki, tribunada yerinizi alın, nümunəvi davranışınız və möhtəşəm dəstəyinizlə həmişə olduğu kimi komandamızın 12-ci oyunçusu siz olun!”

“Ümumiyətlə oyunlara gəlməməyi belə nəzərdən keçirəcəyik”

Bu arada Tovuz təmsilçisinin “Turan Ultras” fanklubu da sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda bunlar qeyd olunub:

“Tribunamız hər zaman nümunəvi davranışı, möhtəşəm dəstəyi, komandasına sadiqliyi ilə seçilib. Premyer Liqaya yüksəldiyimiz ildən bütün dövrələrdə rekordlar qıran, səfər oyunlarında da komandasına Tovuz ab havası yaradan məhz “Turan Tovuz” azarkeşləri, “Turan Ultras” azad azarkeş qrupudur. Klubumuzun qarşısına qoyduğu vacib missiyanı hər zaman dəstəkləmiş, icrasında da əlimizdən gələni əsirgəməyəcəyimizi hər zaman bəyan etmişik. Ötən mövsüm olduğu kimi, hazırkı mövsümdə də bərbad hakim idarəçiliyi, qərəzli “səhvlər”lə haqqımız tapdalanıb, vacib xallarımız qəsb olunub. Son turda “Sabah”la keçirilən oyunda bütün futbol ictimaiyyəti qələbəmizin əlimizdən alındığının şahidi oldu.

“Ultras Turan” olaraq 23-cü turda keçiriləcək “Araz Naxçıvan”la ev oyununun ilk dəqiqəsində bərbad hakim idarəçiliyinə etiraz olaraq, kürəyimizi meydançaya tərəf çevirməyi, bununla da etiraz səsimizi futbol içtimaiyətinə çatdırmağı nəzərdə tuturuq. Bu protestə oyuna gələn bütün azarkeşlərimizin qoşulmasını xahiş edirik. Bildiririk ki, eyni hallar təkrarlanacağı təqdirdə ümumiyətlə oyunlara gəlməməyi belə nəzərdən keçirəcəyik. Klubumuzun da açıqladığı kimi, ədalətli hakimlik istəyirik”.

Избранный
59
3
arena.az

7Источники