"Sumqayıt" klubu tərəfdaşlarının sırasını genişləndirib.
Offsideplus.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi "SOCAR Polymer" MMC ilə anlaşıb.
Razılaşmaya əsasən, bundan sonra "Sumqayıt" klubunun təlim-məşq bazası "SOCAR Polymer Arena" adlandırılacaq. Klubun rəsmi oyun formalarında şirkətin loqosu həkk ediləcək. Bundan başqa, həm bazada, həm də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "SOCAR Polymer"in bannerləri və lövhələri yerləşdiriləcək.
İmzalanma mərasimində "Sumqayıt"ın prezidenti Riad Rəfiyev müqavilənin önəmindən danışıb və əməkdaşlığın hər iki tərəfin inkişaf yolunda böyük təkan verəcəyinə ümidvar olduğunu söyləyib. Öz növbəsində "SOCAR Polymer" MMC-nin baş direktoru Fuad Əhmədov da əməkdaşlıqdan məmnun olduqlarını, Sumqayıtın idman həyatına, həmçinin, ölkə futboluna daim dəstək olacaqlarını vurğulayıb.