RU

Rusiya və ABŞ dünyanı yenidən bölüşdürür? - "Proseslər 80 il əvvəli xatırladır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fevralın 19-da ABŞ və Rusiya nümayəndələrinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşü baş tutdu. Dünya siyasətində perspektivləri müəyyənləşdirməyin və dağıdıcı-birləşdirici proseslərin başlanğıcı ola biləcək görüşdə Ukrayna-Rusiya müharibəsi də daxil olmaqla, Yaxın Şərq və bir sıra coğrafiyalarda baş verənlər, eləcə də iqtisadi məsələlər və s. müzakirə edildi. Tərəflər yaxın müddətdə növbəti görüş üçün razılığa da gəldilər. Geosiyasi qarşıdurmalar fonunda iki super gücün son dövrdə ilk dəfə olaraq bu qədər real təmas qurması hazırda Rusiya və ABŞ arasında nüfuz dairələrinin bölüşdürülməsi prosesini gündəmə gətirir.
Bəs, həqiqətənmi dünyanın bölüşdürülməsi prosesinə start verilib? Bu gedişat bəşəriyyətin gələcəyi üçün necə cərəyan edə bilər?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimli Oxu.Az-a açıqlamasında deyib ki, İkinci Dünya müharibəsindən sonra formalaşan beynəlxalq təhlükəsizlik mexanizmlərinin və beynəlxalq hüquqa söykənən münasibətlər sisteminin, təxminən 1990-cı illərin sonlarından etibarən effektivliyini itirməsi, son 2008-ci ildən sonra isə tamamilə süquta uğraması faktdır:
"Amma bu, hazırda dünyada cərəyan edən proseslərin 80 il əvvəl mövcud olan reallıqlarla eyni olduğunu söyləməyə əsas vermir. Rusiya-Ukrayna müharibəsi, eləcə də bir sıra regionlarda baş verən müharibə və münaqişələr, həmçinin bu müstəvidə Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında baş tutan təmaslar, dünyanın yenidən bölüşdürülməsi üçün yetərli deyil. Hazırda bir çox regional güclərin qlobal güc olmaq perspektivini nəzərə alsaq, müasir dövrdə yeni dünya nizamını formalaşdıra biləcək aktorların sayının kifayət qədər çox olduğunu deyə bilərik. Bu sıraya Türk Dövlətləri Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, BRİKS kimi beynəlxalq təşkilatları, həmçinin Avropa İttifaqını da əlavə etsək, mənzərə tamamilə dəyişir. Əgər Millətlər Liqasının süqutundan və İkinci Dünya müharibəsindən sonra yeni qlobal təsisatın - BMT-nin yaradılmasına, təxminən altı ay lazım gəldisə, həmçinin qlobal qütbləşmənin əsasını qoyan Şimali Atlantika Alyansının (NATO) formalaşması dörd il vaxt apardısa, hazırda beynəlxalq təşkilatların birtərəfli qaydada sıradan çıxarılması prosesinin müqavimətlə qarşılandığını nəzərə alsaq, yeni dünya düzəninin formalaşması, ən azı beş il davam edə bilər".
"Düşünürəm ki, Rusiya-ABŞ təmaslarının və ABŞ-ilə Aİ arasında dərinləşən ziddiyyətlərin və Brüsselin revanş xarakterli addımlarının fonunda, hələlik baş verənləri təmkinlə izləyən Çinin mövqeyini də nəzərə almaq lazımdır. Hazırda ehtimallardan biri də ondan ibarətdir ki, yeni dövrün beynəlxalq idarəçilik mexanizmləri güclü və formalaşmış regional təşkilatlar olacaq. Beynəlxalq idarəçilik və təhlükəsizlik sistemlərinin, təxminən ikipalatalı parlament modelində təsis olunacağı, hazırda daha çox inandırıcı görünür. Ola bilsin ki, gələcəkdə BMT Təhlükəsizlik Şurasını təşkil edən aktorlar dövlətlər deyil, regional güc mərkəzlərinə çevrilən təşkilatlar olsun. Regional güc mərkəzlərinin, şərti olaraq "BMT Təhlükəsizlik Şurası" adlandıracağımız təsisatda təmsilçilikləri isə rotasiya yolu ilə həyata keçirilsin. Bütün hallarda Rusiya ilə ABŞ arasında Ukrayna mövzusunda baş tutan təmaslar "dünyanın yenidən bölüşdürülməsi" anlamına gəlmir" deyə, parlamentari əlavə edib.
Politoloq Rəşad Bayramov isə hesab edir ki, Donald Trampın Amerika Birləşmiş Ştatlarında hakimiyyətə gəlişi və ondan sonrakı qısa dövr ərzində verdiyi qərarlar yeni dünya nizamının formalaşması istiqamətində addımların atıldığını göstərir. O, Oxu.Az-a açıqlamasında deyib ki, Ər-Riyaddakı görüş də yeni nizamın formalaşması perspektivlərini müəyyənləşdirmək baxımından xüsusi maraq doğurdu:
"Bütün bunlar onu deməyə əsas verir ki, əslində, müzakirə predmeti Ukrayna böhranından qat-qat böyükdür və bu, faktiki olaraq dünyanın bölüşdürülməsi istiqamətində ilkin addımlar kimi qəbul oluna bilər. Əgər Rusiyanın Ukraynaya hücumundan əvvəl ABŞ-yə faktiki olaraq rəqib olmağa başlayan Avropa İttifaqı və başqa ölkələrin güclənməsi müşahidə edilirdisə, müharibədən sonra Avropa İttifaqı Amerika Birləşmiş Ştatlarının çətiri altında daha sıx birləşməyə başladı. Birləşmiş Ştatlar bu müharibədən istifadə edərək Rusiyanı hərbi-siyasi baxımından Avropa ilə, Avropanı da iqtisadi baxımından Rusiya ilə qorxutmağa başladı və nəticə etibarı ilə hər iki tərəfi elə iqtisadi və hərbi cəhətdən zəiflətməyə nail oldu. Bununla da tərəfləri daha çox özündən asılı vəziyyətə salmağa çalışır. Hal-hazırda Tramp Rusiya ilə danışıqlarda da Avropa İttifaqını oyundan kənarda saxlamaqla, ABŞ olmadan qoca qitənin lazımsız olduğu mesajını verir. Bununla da Tramp yeni dünya nizamının formalaşmasının şərtlərini diktə edən tərəfə çevrilir".
"Bu mərhələdə Trampın qarşısındakı ən böyük güc isə faktiki olaraq Çindir. Odur ki, ABŞ Rusiya ilə münasibətləri normallaşdırmaqla, həm də Moskva-Pekin münasibətlərinə məsafə qoymağa çalışır və məqsədinə daha tez nail olmaq istəyir", - müsahibimiz fikrini yekunlaşdırıb.
Mərahim Nəsib
Избранный
11
50
oxu.az

10Источники