AZ

Durumu bir anda dəyişəcək ssenari – “Kreml Bakıya təzyiq edəcək, Qarabağda...”

Rusiya Ermənistanı qəfil işğal edərsə, bölgədə hadisələr necə inkişaf edəcək? Ritorik sualdır. Bir neçə il əvvəl belə bir sual gündəmdə yox idi. Ancaq Baş nazir Nikol Paşinyan Rusiyanın çətirindən qurtulmağa çalışdıqca və Qərbə yaxınlaşmaq istəyini daha gur səsləndirdikcə, Kremlin Cənubi Qafqazdakı son forpostunu itirməməsi üçün müxtəlif variantları nəzərdən keçirməyə başlaması və bunların içində hərbi müdaxilə planının olduğu istisna deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində deyilir.

Mərkəzin ekspertləri xatırladırlar ki, Rusiya iki il əvvəl Ukraynaya qarşı müharibəni “denansifikasiya” bəhanəsiylə, yəni “rusları qorumaq” adı altında başlamışdı:

“Rusiya Ermənistanı nəzarətə götürmək üçün də bəhanə tapa bilər. Məsələn, Rusiya Ermənistana “iki ölkə arasında mövcud sazişləri qorumaq məqsədilə” müdaxilə edə bilər. Bu halda Ermənistan ordusunun Ukrayna silahlı qüvvələri kimi Rusiya ilə savaşacağı ehtimalı azdır. Təslim olacaqlar. Bəziləri soruşa bilər ki, buna beynəlxalq reaksiya necə olacaq? Bu, Kremlin vecinə də deyil. Məgər Kreml Ukraynaya qarşı işğalçı müharibəyə qərar verəndə beynəlxalq reaksiyanın necə olacağını nəzərə almışdımı?

Kreml Paşinyanı devirmək istəyərsə, Ermənistandakı hərbi bazası və yerli radikalların xidmətlərindən istifadə edəcək. Kreml bundan sonra “Qarabağ klanı” vasitəsilə Ermənistanda müvəqqəti hökumət formalaşdıracaq.

Belə bir ssenari Azərbaycana nə vəd edir?

Ermənistanda istənilən hakimiyyətin Azərbaycanla yeni müharibəyə başlamağa potensialı olmayacaq. Ancaq çevriliş əsasında Ermənistanda formalaşa biləcək xunta rejimin Azərbaycan kəndlərinin geri qaytarılması və Zəngəzur dəhlizi məsələlərində mövqeyi sərtləşəcək. Xunta ilə dilaoqun mənası olmayacaq. Üstəgəl, həmin xuntanı dəstəkləyən Kremlin Azərbaycana təzyiqi artacaq və Rusiya-Azərbaycan münasibətlərindəki indiki normal axar dəyişəcək”.

Məqalədə qeyd olunur ki, Kreml Ermənistanda istədiyi hökuməti formalaşdırdıqdan sonra Qarabağdakı hərbi kontingenti çıxarmamaq mövqeyini gücləndirəcək:

“Tehran da Ermənistandakı xunta rejimini dəstəkləyəcək. Təkcə ABŞ və Avropa İttifaqıbu rejimi tanımayacaq. Belə olan halda hazırda Ermənistanı hər mənada dəstəkləyən Fransanın da siyasəti dəyişəcək. Bu halda Qərb ölkələri Azərbaycanın dəyərini anlamış olacaqlar.

Əlbəttə, bunlar ehtimaldır. Ancaq bütün mümkün ehtimalları hesablamaq məcburiyyətindəyik. 15-20 il əvvəl Rusiyanın Ukraynaya qarşı müharibəyə başlayacağını ehtimal etmək mümkün deyildi. Ancaq bu baş verdi. Kremlin ipinin üstünə odun yığmaq mümkün deyil. Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi və türk dövlətləri ilə inteqrasiyanı gücləndirməsi ən doğru yoldur”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
141
21
Mənbələr
Şərh ()
Bağla