AZ

Korrupsiyalaşmış Qərbin ermənilərə dəstək «arxitekturası»

ABŞ-Avropa İttifaqı-Ermənistan üçlüyünün Brüsseldə keçiriləcək müştərək konfransı Cənubi Qafqazda sabitliyə təhlükə, vəziyyəti gərginləşdirəcək bölücülük, ayırıcılıq siyasətidir

Dünya siyasətinin aktual mövzularından olan ABŞ –Avropa İttifaqı (Aİ)- Ermənistan üçlüyünün məkrli görüşlərinin bölgədə ciddi narahatlıq yaradacağı izaha ehtiyacı olmayan aksiomadır. Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan Ermənistanın başını tumarlayanlar yenə köhnə vərdişlərini təkrarlayırlar. Əvvəlki illərdə haylara dəstəklərini, yardımlarını uzaqlardan, dolayı yollarla həyata keçirənlər, Cənubi Qafqazda at oynatmaq istəyən əsas oyunçular Qəmlonun dediyi kimi, burnumuzun ucuna qədər yaxınlaşıblar. Avropa İttifaqının (Aİ) 6 oktyabr 2022-ci il tarixdə keçirilən dördtərəfli Praqa görüşü zamanı delimitasiya edilməmiş sərhədin Ermənistan tərəfi boyunca qarşılıqlı etimadın yaradılmasına töhfə məqsədilə 40 nəfər mülki monitorinq ekspertindən ibarət qısamüddətli Avropa İttifaqı Monitorinq Potensialının (AİMP) müşahidəçilərinin heç bir səbəb olmadan və Azərbaycanla razılaşdırmadan sayını artırmasının, Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevriməsinin bir açıqlaması var: Cənubi Qafqazda vəziyyəti daha da gərginləşdirmək, anti-Azərbaycan təbliğatını genişləndirmək. Ermənistanın Avropa İttifaqına və Amerika Birləşmiş Ştatlarına sığınması Azərbaycanın rəsmi İrəvana təklif etdiyi sülh müqaviləsinin imzalanmasına ciddi əngəldir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) «əlvida» demək niyyətində olan rəsmi İrəvan dəfələrlə Ermənistanın müxtəlif bölgələrində, aeroportunda yerləşən, sərhədlərini belə qoruyan Rusiya ordusunun bu ölkədən çıxarılmasının vacibliyi barədə də açıqlama verib. Təbii ki, rəsmi Kreml forpostunun bu nankorluğuna biganə qalmayacaq, regional maraqlarının üstündən xətt çəkilməsinə göz yummayacaq. Əsas məsələ odur ki, regionda Ukrayna savaşına bənzər ikinci Qərb-Rusiya qarşıdurmasının yaranması Cənubi Qafqazda sabitliyin yaranması üçün beynəlxalq hüquqa uyğun bütün vasitələrdən istifadə edən Azərbaycanın maraqlarına ziddir.

Üçtərəfli görüşə razılıq verən Ermənistan regionda Rusiya-Qərb qarşıdurmasının oxşar cəbhəsini açır. Bu məkrli «təşəbbüs» təbii ki, Azərbaycanın tərəfdarı olduğu sülhə təhdiddir. Üçtərəfli məkrli konfrans ərəfəsində Aİ-nin ermənipərəst üzvlərinin ölkəmizlə bağlı yalan, böhtan, təxribat xarakterli, açıqlamaları tədbirin anti-Azərbaycan mahiyyətini, daha doğrusu Ermənistanı bölgənin hərbi poliqonuna çevirmək niyyətini bəlli edir. Fransanın başladıgı Ermənistanı silahlandırmaq «təşəbbüsü»nün bu üçlük tərəfindən davam etdirilməsini nəzərdə tutan konfrans, «mini NATO» (yəni, Şimali Atlantika Alyansının Ermənistan formulu) kimi ifadələrin səsləndirilməsi bölgəyə yalınz fəlakət gətirəcək. Anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımlar regionda daha ciddi təxribatlarla nəticələnəcək.

Məlum oldğu kimi, aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığında bu məsələ müzakirə edilib. Antoni Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib. Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini guya səfil Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb. Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlətimizin başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb. Telefon danışığı zamanı Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb. Dövlətimizin başçısı Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyev aprelin 2-də Parisdə Antoni Blinken ilə keçirilmiş mətbuat konfransında Fransa xarici işlər nazirinin yalan danışaraq, guya Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittihamına etirazını bildirib. Göründüyü kimi, üçtərəfli görüş qeyri-inklüziv xarakter daşımaqla reallıqdan xeyli uzaq cəfəngiyyatdır.
 Həqiqət budur ki, konfransın təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcılığa və nəticə etibarilə gərginliyin yaranmasına səbəb olacaq. İllərdən bəri Ermənistanın ərköyünlüyünə göz yummağın, beynəlxalq təşkilatlarda formalaşan ermənipərəstliyin nəticəsi budur. İllərdən bəri ermənistan lobbisinin maliyyələşdirdiyi avropalı parlamentarilərin istəklərinə uyğun Cənubi Qafqazda baş verənlər, erməni vandallığına, faşizminə göz yumanların fərdi olaraq apardıqları anti- Azərbaycan təxribatları artıq geniş, təhlükəli sferada formalaşır.

Xatırladaq ki, son illərdə Avropa İttifaqının 5 institutundan biri, yəni qurumun tərkib hissəsi olan Avropa Parlamentində (AP) misli görünməmiş korrupsiya qalmaqalı bu qurumun nüfuzuna xeyli ziyan vurdu. Belçika məhkəməsi AP-nin keçmiş deputatı Pyer-Antonio Pantser (İtaliya), Luka Vizantini (İtaliya) və digər məmurlar barəsində həbs qətimkan tədbiri seçdi. Pyer-Antonio Pantserin korrupsiya əməliyyatlarında əli olan həyat yoldaşı və qızı da həbs edildi. Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsinin sədri Mariya Arena Belçikada korrupsiya ilə bağlı başlanmış istintaqla əlaqədar vəzifəsini tərk etdi. Belçikanın Federal Prokurorluğunun açıqlamasında bildirildiyi kimi , AP-də strateji vəzifə tutanlar pul və qiymətli hədiyyələr alaraq müzakirə olunan məsələlər haqqında əsası olmayan qərarlara imza atıblar. Bu cür vəziyyətlərlə dəfələrlə üzləşən, Azərbaycanın haqq səsini eşitmək istəməyən «demokrat avropalılar»ın dilləri Ruben Vardanyan kimi erməni milyarderlərinin pulları ilə susdurulub. Avropa Parlamentində müzakirə olunan Qətər və Mərakeşlə bağlı məsələdə daha çox canfəşanlıq edən ermənipərəst, korrupsiyada adı daha çox hallanan, Avropa Parlamentinin keçmiş vitse-prezidenti yunan deputat Eva Kaylin həbs edildi. Hüquq-mühafizə orqanlarının Eva Kaylin evində apardıqları axtarış zamanı külli miqdarda pul aşkarlanıb. Bu, Eva Kaylinın adının hallandığı ilk rüşvət və korrupsiya qalmaqalı deyildi. AP-nin Yunanıstandan seçilmiş deputatı Kaylin Avropada fəaliyyət göstərən erməni lobbi qrupları ilə də sıx əməkdaşlıq edib. Bu qruplardan qanunsuz yollarla əldə etdiyi vəsaitlərlə bağlı adı mediada hallanan Kaylinin başqa əməlləri də aşkarlanıb. « Erməni şəbəkəsi Avropa institutlarını necə yönləndirir?»” başlıqlı yazıda Kaylinın erməni şəbəkəsi ilə əməkdaşlığının detalları açıqlanıb. Əsas diqqətçəkən amil Azərbaycana qarşı təxribatlarda yunan-erməni lobbisinin birgə fəaliyyətidir.

2021-ci il noyabrın 19-da Azərbaycan əleyhinə qəbul edilən bəyanat Avropa Parlamentinin adından elan edilsə də, sənədi yalnız «Ermənistanla dostluq qrupu»nun «mafiya babaları» karapetyanlar, vardanyanların əlinə baxan 33 üzv imzalayıb. Bəyanatın hazırlanmasında və qəbul etdirilməsində Eva Kaylin də xüsusi fəallıq göstərmişdi. Bu bəyanat Avropa Erməni Milli Komitəsi, həmçinin, «Ədalət və Demokratiya Naminə», «ÜmumAvropa Erməni Federasiyası» ilə əməkdaşlığı ilə birgə hazırlanmışdı. Avropalı parlamentarilər etiraf edirlər ki, AP-də müzakirə olunan məsələləri lobbi qrupları formalaşdırır. Hər qrup öz marağını təmin etməyə çalışır”. Lobbi qruplarının paliqonuna çevrilən «parlament»i «çirkli pullar»ın yuyulduğu məkan adlandırmaq daha doğru olar. Erməni mafiyasının «çirkli pulları» ilə fəaliyyət göstərən Avropa institutlarının strateji hədəfi şəxsi maraqları naminə özlərinə bənzər korrupsiyalaşmış üzvlərdən ibarət qrup formalaşdırmaqdır. Erməni mafiyasından ibarət qruplar təkcə Azərbaycanın deyil, Türkiyə əleyhinə də statuslar paylaşır, yalan və böhtanlarını sosial şəbəkələrdə sürətlə yayırlar. Avropa İttifaqının, ABŞ-ın Azərbaycanla və Türkiyə ilə münasibətlərini daimi olaraq gərginləşdirməyə çalışan «qruplar»ın insanlara təsir mexanizmi «çirkli pullar», qiymətli ziynət əşyalarıdır.

ABŞ-ın Nyu-Cersi ştatından olan demokrat senator Robert Menendezin lobbiçilik adı altındakı korrupsiya əməliyyatları artıq hər kəsə bəllidir.

Korrupsiyada ittiham olunan, ermənipərəst mövqeyi ilə seçilən senator, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst Robert (Bob) Menendes həm də Misirin agenti kimi fəaliyyət göstərib. Robert Menendes və həmin vaxt hələ onun sevgilisi olan Nadine Arslanyan senatorun yardımçısı olub.

Danimarkanın keçmiş Baş naziri və NATO-nun sabiq Baş katibi Anders Foq Rasmussenin anti-Azərbaycan açıqlamalarında da erməni lobbisinin təsiri aydın duyulur. Sabiq NATO-çunun rəhbərlik etdiyi «Ermənistanın dostları» şəbəkəsi tərəfindən hazırlanmış «Aİ-Ermənistan münasibətlərin dərinləşdirilməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan» adlı hesabat siyasi iyrəncliyin ən çirkin nümunəsidir. Cızma-qaranı xatırladan «hesabat»da Azərbaycan barədə yer alan iddiaların heç bir əsası yoxdur.

Sənəddə Ermənistanla Azərbaycan arasında sülhün təminatı üçün bütün imkanlardan istifadə edən ölkəmizin mənfi obraz kimi təqdimatı yolverilməzdir. Sözügedən hesabatda «Azərbaycan hərbi təhdid yaratmağa davam edir və Ermənistana hücum edəcəyinə dair işarə edir» ifadəsinin işlədilməsi Ermənistana Qərb hərbi yardımına və Avropa İttifaqının oradakı mövcudluğuna bəraət qazandırmaq məqsədi daşıyır.

Ermənistan və Qərbdəki bəzi siyasi qruplar Azərbaycanı Ermənistana qarşı ərazi iddialarının olmasında ittiham etməyə davam edirlər. Bu mənada «Rasmussen Global»” Ermənistan hökumətinin təbliğat şöbəsi kimi fəaliyyət göstərir. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşımını xatırlayaq: «NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin və onun ətrafının Ermənistan hökuməti və erməni lobbisi tərəfindən sifariş edilmiş və ödənişli qondarma hesabat və ya “möhürlü təbliğat” materialı mənə 04 sentyabr 2023-cü il tarixli Ermənistan Respublikasının ödəniş sənədinin də paylaşıldığı yer haqqında postumu yenidən dərc etməyimi xatırlatdı. Anders Foq Rasmussen hesabatına ödənişi əlavə etməyi unudub. Pullar danışır!»

İllərlə davam edən ermənipərəst, daşnak ideologiyasının dəstəklənməsinin nəticəsi bu cür biabırçılıqlardır. Ermənistanı dəstəkləyənlər səhvlərini etiraf etmək əvəzinə Cənubi Qafqazda «parçalanma» siyasətinə hesablanmış gedişlərə üstünlük verirlər. Amma bütün hallarda siyasətin şahmat taxtasının süvarisi belə olmayan Ermənistanın qarşısında qalib Azərbaycan amili dayanıb və bu qətiyyət əbədi davam edəcək.

Xuraman İsmayılqızı, «İki sahil»

Seçilən
179
23
Mənbələr
Şərh ()
Bağla