AZ

YAP Nərimanov rayon təşkilatında tədbir keçirildi - FOTOLAR

YAP Nərimanov rayon təşkilatında 2016-cı ildə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan, Böyük Zəfərin başlanğıcı hesab edilən şanlı Aprel döyüşlərinin 8-ci ildönümü ilə əlaqədar yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Pərvanə Mehmanqızının müəllifi olduğu ”Zəfərin təntənəsi” adlı kitabın təqdimat mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla anılıb.

Tədbiri giriş sözü ilə açan ”Zəfərin təntənəsi” adlı kitabın müəllifi yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü Pərvanə Mehmanqızı bildirib ki, Aprel döyüşlərindən 8 il ötsə də, şanlı Qarabağ salnaməsinin ilk səhifələrinin yazıldığı bu günləri xalqımız böyük qürur və sevinc hissləri ilə xatırlayır, qəhrəman şəhidlərimizi böyük ehtiramla yad edir. Müəllif kitabının aprel döyüşlərində igidlik göstərən oğullarımızın qəhrəmanlığı ilə yanaşı, bütünlükdə bu döyüşün tarixi əhəmiyyətinə, fəlsəfəsinə həsr olunduğunu qeyd edib.

YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov çıxış edərək Aprel döyüşlərinin tarixi əhəmiyyətindən ətraflı danışıb. O, qeyd edib ki, Aprel döyüşləri bütün dünyaya Azərbaycan ordusunun gücünü, qələbə əzmini və tezliklə ədalətin bərpa olunacağını göstərib. Anar Abbasov 8 il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən doğma Qarabağımızda, Şuşada, eləcə də Xankəndidə, Xocalıda dalğalanmasından bu gün hər bir azərbaycanlının sonsuz qürur hissi keçirdiyini xüsusi vurğulayıb.

Milli Məclisin deputatı Vüqar İsgəndərov çıxış edərək, canlarını vətən yolunda qurban vermiş igid şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqlardan, onların keçdiyi şərəfli yoldan və Aprel döyüşlərinin Böyük Zəfərin başlanğıcı olmasından bəhs edib.

Tədbirdə, həmçinin, Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov və digər çıxış edənlər bundan əvvəl Aprel döyüşlərinə həsr edilmiş kitabların hər birində olduğu kimi, bu kitabda da Azərbaycan əsgərinin əxlaqının, mədəniyyətinin, peşəkarlığının, həm də vətənsevərliyinin təbliğ olunduğunu bildiriblər. Kitabın müasir gənclik və yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar.

Tədbirdə şəhid ailələri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirin davamında qonaqlara bədii kompizisiya təqdim olunub.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
243
50
Mənbələr
Şərh ()
Bağla