AZ

“Kəpəz” “Qəbələ”ni unudub 8-ci pillə üçün ümidləndi

Azər Bağırov yəqin ki, “Araz-Naxçıvan”da son günlərini keçirir. “Kəpəz”dən daha yaxşı büdcəyə, daha sanballı heyətə malik komandanın qaçqın kimi yaşayan rəqibinə ev məğlubiyyətinin nəticəsi başqa cür ola bilməz. Həm də yalnız bir oyuna görə yox, ümumilikdə 2024-cü ildəki nəticələrə görə məhz baş məşqçi məsuliyyət daşıyır.

Birvaxtlar hətta milli komandanın baş məşqçi postuna iddia edən Bağırov komandadakı böhranı aradan qaldıra bilmədi. İndi naxçıvanlılar autsayder qrupunun üzvlərinin sayının üçə çatmasına töhfə verib. Gəncəlilərin turnir cədvəlində bu komandanı keçməsi uzaqda deyil. Adil Şükürov bu hədəfə köklənib və istəyinə çatmağa yaxındır.

Artıq “Kəpəz”in Premyer Liqadakı yerini təmin etdiyini deyə bilərik. “Qəbələ” çox geridə qalıb və möcüzə baş verəcəksə, elitanı tərk edən “Araz-Naxçıvan” olacaq. Çünki muxtar respublika təmsilçisində məşqçi işi görünmür, sanki sayla meydana çıxan futbolçular özləri birşeylər yaradıb nəticə qazanmağa çalışır. Necə ki, ilk yarıda futbolçular fərdi bacarıqları hesabına normal bir kombinasiya qurub hesaba keçdilər. Uğurlu nəticəni qoruya bilmirsənsə, deməli, məşqçi seçimləri düzgün deyil. Çünki qonaqlara vəziyyəti dəyişmək üçün ikinci hissənin əvvəlindəki ani canlanma kifayət etdi. Həm də hər iki qol eyni üslubda vuruldu, naxçıvanlılar cinahdan mərkəzə reydin və yekun zərbənin qarşısını almaq üçün heç nə edə bilmədi.

Turnir cədvəlinin son sıralarında vəziyyət aydındır. “Kəpəz” son pillə ilə barışan “Qəbələ”ni unudaraq 8-ci yer uğrunda mübarizəyə girişib. Naxçıvanlılarla əyani mübarizə uğurlu bitdi, mövsümün sonunadək qiyabi yarış davam edəcək. Amma daha yuxarı pillələrə ümid etmək yersizdi.

Ümumiyyətlə, son 4 pillənin bölgə təmsilçiləri tərəfindən “zəbt edilməsi” xoşagəlməz haldır. Paytaxt və Sumqayıt komandalarının avrokubok mübarizəsinə hazırda müdaxiləedə biləcək yeganə komanda “Turan Tovuz”dur. Qərblilər bu gün “Sabah”ı məğlub etməsə, Ayxan Abbasovun yetirmələrinin də avrokubok ümidləri xeyli azalacaq.

AĞA

Seçilən
149
36
Mənbələr
Şərh ()
Bağla