AZ

Joze Mourinyo: “Məşqçi görkəmli oyunçuları çalışdıra bilmirsə…”

Məşhur portuqal mütəxəssis Joze Mourinyo öz peşəsində dünya səviyyəli futbolçularla işləmək bacarığının vacibliyindən danışıb.

Arena.az “Reddit” portalına istinadən, portuqal mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Əgər sən böyük oyunçuları çalışdıra bilmirsənsə, heç kimi çalışdıra bilməzsən. Başa düşmək gərəkdir ki, heç kimə futbol oynamağı öyrətməyə hazırlaşmırsan. Kristianoya (Ronaldoya) topu necə vurmağı, Zlatana (İbrahimoviçə) topu sinəsi ilə tutmağı və ya Droqbaya yaxın dirəyə doğru qaçıb başı ilə qol vurmağı öyrətməyə gərək yoxdur”, deyə “Mour” bildirib.

Xatırladaq ki, Mourinyonun son iş yeri “Roma” olub. Cari ilin yanvarın 16-da Joze Mourinyonun “Roma”nın baş məşqçisi vəzifəsindən gözlənilmədən istefaya göndərilməsi rəsmən açıqlanıb. Portuqal mütəxəssisin yerinə “Roma”nın keçmiş futbolçusu, italyan mütəxəssis Daniele De Rossi təyin edilib.

Hazırda işsiz olan portuqal mütəxəssisin adı ara-sıra “Barselona” və “Bayern” də daxil olmaqla, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqası ilə əlaqələndirilir.

“Roma”nı çalışdırdığı müddətdə Mourinyo “canavarlar”ı ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb.

Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar. Beynəlxalq yarışlarda bu iki nəticə “Roma”nın futbol səhnəsində ən böyük tarixi uğurudur.

Mourinyo karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.

Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Avropa Konfrans Liqasını qazanmış ilk məşqçidir.

Seçilən
100
1
Mənbələr
Şərh ()
Bağla