AZ

Bakıda fərdi evlərin orta qiyməti – 250 MİN MANATI KEÇDİ – HESABAT 

Bakıda fərdi yaşayış evlərinin - həyət evlərinin orta qiyməti artmaqda davam edir. 

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Bankı – ABB-nin «Bakı şəhəri üzrə daşımaz əmlak bazarının təhlili» üzrə hesabatında bildirilir. 

Bakıda mənzillərin ən çox bahalaşdığı rayonlar və səbəbləri açıqlanıb – HESABAT

Qeyd edək ki, ABB tərəfindən aparılan tədqiqatın məqsədi Bakı şəhəri üzrə daşınmaz əmlak bazarında baş verən qiymət dəyişikliyi, bazar göstəriciləri və bazar əməliyyatlarının izlənməsidir. Tədqiqat nəticəsində Bakının daşınmaz əmlak bazarı ilə bağlı maraqlı məlumatlar ortaya çıxıb. 

Hesabata əsasən son 3 ildə Bakıda fərdi evlərin satış qiyməti təqribən 30%-ə yaxın artaraq 2021-ci ilin əvvəlindəki 170 min manatdan, 2023-cü sonunda 250 min manata yüksəlib və daha artıq olub. 

Bu dövrdə, xüsusilə 2022-ci ildə fərdi evlərin qiymətində artıb-azalmalar olub. Belə ki, fərdi evlərin qiyməti 220 min manatdan 180 min manatadək azalıb, sonradan 230 min manata yüksəldikdən sonra 160 min manata qədər azalıb. Yalnız 2022-ci ilin sonundan etibarən qiymət artımı davalı qiymət alıb və indi də davam etməkdədir. 

Qeyd edək ki, mənzillərdən fərqli olaraq fərdi yaşayış evinin dəyəri 2 amildən - torpaq sahəsinin və üzərindəki tikilinin dəyərindən formalaşır. 

ABB-nin təqdim etdiyi araşdırmaya əsasən, Bakıda fərdi yaşayış evinin qiymətində torpaq sahəsinin payı daha yüksəkdir və artmaqdadır. Belə ki, 2021-ci ildə fərdi evlərin qiymətində torpağın payı təqribən 55% idi. 2022-ci ildə bu rəqəm 60%-ə yüksəlib, 2023-cü ildə isə fərdi evin qiymətinin 65%-i torpaq sahəsindən asılıdır. 

Araşdırmaya əsasən fərdi evlərin qiymətinin artmasının bir neçə mühüm səbəbi var. Əvvəla, evlərin qiymətinə əsasən tikinti materialları bazarında qiymət dəyişikliyi və mövsümi amillər təsir göstərir. Belə ki, yay aylarında fərdi yaşayış və bağ evlərinə tələbin artması qiymət artımına səbəb olur. 

Bundan başqa, qanun vericiliyə edilən son dəyişikliklər də fərdi evlərin qiymətinə təsir edib. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin su və qaz təchizatı şəbəkələrinə qoşulması 01.10.2023-cü il tarixdən, elektrik şəbəkəsinə qoşulması isə 01.01.2024-cü il tarixdən qadağan edilib. Başqa sözlə, qanuni prosedurla tikilməyən tikililərə su, qaz və elektrik enerjisinin verilməsi qadağan edilib. 

Bu qayda nəticəsində təkrar bazara (ikinci əl fərdi evlər) tələbin artması və bunun nəticəsində fərdi yaşayış evlərinin qiymətində artımın müşahidə edilməsi gözlənilir.
 

Seçilən
55
7
Mənbələr
Şərh ()
Bağla