AZ

“Guseynoff” Gəncə şəhərində Mürsəl, Vəfa və Şəbnəmin konsertini edəcək - FOTO

“Guseynoff” şərab zavodunun sponsorluğu ilə Gəncə şəhərində silsilə konsertlər keçiriləcək.

Oxu.Az xəbər verir ki, bununla bağlı mətbuat konfransı keçirilib.

Mətbuat konfransında iştirak edən “Guseynoff” şirkətinin rəhbəri, təşkilatçı Emin Hüseynov bildirib ki, hazırda Gəncə şəhərində keçiriləcək konsertlərə ciddi hazırlıq işləri görülür.

O əlavə edib ki, o, nəinki yerli müğənnilərin, hətta Türkiyə ulduzlarının da Gəncə şəhərində konsertlərini təşkil edəcək:

“Hazırda may ayında keçiriləcək üç konsert tədbirinə ciddi hazırlıq görürük. Birinci müğənni Vəfa Şərifovanın konserti baş tutacaq. Konsert may ayının 9-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq. Həmçinin müğənni Mürsəl Səfərovun konserti də Gəncə Dövlət Filarmoniyasında may ayının 19-da keçiriləcək. Müğənni Şəbnəm Tovuzlunun konserti isə may ayının 27-də Gəncə şəhərində yerləşən Heydər Əliyev parkında baş tutacaq.

Qeyd edim ki, bu ana qədər Mürsəl Səfərovun konsertinə ən çox bilet satışı həyata keçirilib. Belə ki, 900 nəfər tutumu olan zala artıq 700-ə yaxın bilet alınıb. Mürsəl istedadlı müğənni olmaqla yanaşı, həm də mənim ən yaxın dostumdur. Elə konsert təşkil etmək qərarını da məhz onunla vermişik.

Biz nəinki yerli müğənnilərin, həm də Türkiyə ulduzlarının da Gəncə şəhərində konsertlərini təşkil etməyi planlaşdırırıq. İlkin olaraq Rafet El Romanı ölkəmizə, doğma Gəncəmizə gətirməyi düşünürük”.

 Mətbuat konfransında iştirak edən müğənni Şəbnəm Tovuzlu isə qeyd edib ki, konsertə xüsusi olaraq hazırlaşır:

“May ayının 27-də Gəncə şəhərində yerləşən Heydər Əliyev parkında, açıq havada konsertimiz baş tutacaq. Konsert biletlərinə simvolik olaraq 10 AZN qiymət təyin etdik ki, hər kəs gəlib iştirak edə bilsin. Konsert məkanının tutumu 4 minə yaxın oturacaqdan ibarətdir. Ayaq üstə isə ümumilikdə 7 minə yaxın insan konserti izləyə biləcək.

Konsertə iki xüsusi libas hazırlanır. Onu da deyim ki, bu libaslar çox cəsarətli bir libaslardır. 4 yeni eksklüziv mahnı də konsertdə səslənəcək. Canlı ifa, orkestrlə izləyicilərin qarşısına çıxacağam. Musiqili qonağım isə müğənni Mürsəl Səfərov olacaq”.

Təşkilatçı və konsertlərin sponsoru olan Emin Hüseynov isə qarşıda daha maraqlı konsert tədbirlərinin təşkil ediləcəyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
184
50
Mənbələr
Şərh ()
Bağla