AZ

Avropanın gözü Özbəkistanda – Bəs Azərbaycan bu əməkdaşlıqdan NƏ QAZANACAQ?

Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti təkcə ölkəmizin yox, həm də regionun maraqlarına söykənir. Bu da səbəbsiz deyil. Çünki regional təhlükəsizlik və regional inkişaf təmin olunmadıqca bir ölkənin davamlı və dayanaqlı inkişafı mümkünsüzdür. Ona görə də Azərbaycan hər zaman regional maraqlardan çıxış edir.

Bu istər sülh, istərsə də iqtisadi təşəbbüslərdə özünü bariz şəkildə göstərir.

Təsadüfi deyil ki, 44 günlük müharibədən cəmi bir ay sonra 2020-ci ilin 8 dekabrında Azərbaycan unikal təşəbbüslə çıxış etdi. Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və Ermənistanın da daxil olacağı “3+3” platforması regional inkişaf üçün əla fürsətlər açır.

Halbuki, həmin zaman Ermənistanda sülh yox, revanş barədə düşünülürdü. Hələ Rusiya və İranı demirik. Bu ölkələr ilk əvvəllər bu platformaya qısqanclıqla yanaşdı. Amma daha sonra hər iki ölkə bu layihəyə nicat yolu kimi baxdı.

Bir sözlə Azərbaycan hər zaman regional inkişafa və beynəlxalq əlaqələrə böyük önəm verib. Bundan əlavə, Azərbaycan təkcə təşəbbüslə çıxış etməyib, həm də özünü ən yaxşı və etibarlı tərəfdaş kimi göstərib. Ona görə də həm Avropa dövlətləri, həm də Çin kimi Asiya ölkələri hər zaman Azərbaycanla tərəfdaşlıqda maraqlı olub.

Bu gün Asiyadan Avropaya və əks istiqamətdə yüklər əsasən dəniz yolu ilə daşınır. Bu da iqtisadi cəhətdən o qədər də rentabelli deyil. Quru dəhlizlərinsə çoxu təhlükəsizlik baxımından risklidir. Amma Azərbaycan üzərindən keçən dəhlizlər sözün hər mənasında tam təhlükəsizdir. Ona görə də dünya ölkələri həm Şimal-Cənub, həm də Qərb-Şərq dəhlizlərinin Azərbaycan üzərindən keçməsində maraqlıdır.

Çünki bölgədəki siyasi sabitlik və əlverişli coğrafi şərait hər iki dəhliz üçün əlavə imkanlar açır. Bu gün Şimal-Cənub dəhlizində yüklər 7-8, Qərb-Şərq dəhlizində isə 10-12 günə mənzil başına çatır. Bu da alternativ yollardan xeyli qısadır. Üstəlik, Azərbaycanın təklif etdiyi tariflər də xeyli cəlbedicidir.

Aİ ilə Özbəkistan arasında nəhəng işbirliyinə başlanılır.

Təsadüfi deyil ki, ABŞ və Avropa İttifaqı Azərbaycan üzərindən daha bir layihənin icrasını düşünür. Bu da  Mərkəzi Asiya ölkələrinin mineral və karbohidrogen ehtiyatlarının Azərbaycan üzərindən Avropaya daşınması layihəsidir.

Avropa Birliyi, xüsusən, Özbəkistanla artıq bu layihə üzərində işləməyə başlayıb. Təsadüfi deyil ki, aprelin 5-də Özbəkistan və Aİ arasında kritik xammal sahəsində davamlı dəyər zəncirlərinin inkişafına dair anlaşma memorandumu imzalanıb. Gözlənilir ki, bu saziş Özbəkistanda dağ-mədən sənayesinin inkişafına müsbət təsir göstərəcək. Həmçinin bu razılaşma Avropa İttifaqına zəruri mis və molibden kimi minerallar əldə etməyə imkan verəcək.

Son illər Avropa dövlətlərinin, xüsusən də Fransa və Almaniya nümayəndələrinin Mərkəzi Asiya ölkələrinə, ilk növbədə Özbəkistana səfərləri daha tez-tez baş verir. Məsələn, Makronun oraya səfərini xatırlamaq yerinə düşərdi.

Almaniyanın iqtisadi maraqları isə Özbəkistanda fəaliyyət göstərən iri şirkətlərin sayını artırmaq və yeni investisiya layihələrini genişləndirməkdən ibarətdir. Olaf Şolts və Şavkat Mirziyoyev arasında keçirilən son görüş nəticəsində 9 milyard dollar dəyərində ticarət, investisiya və texnologiya sazişi imzalanıb.

Mərkəzi Asiya ölkələri bu böyük layihənin obyektinə deyil, subyektinə çevrilib. Bu tarixdə bəlkə də bir ilkdir.  Məlumdur ki, hər bir ölkənin nə qədər çox resursu varsa, o bir o qədər vacib aktordur. Bu mənada Özbəkistan yaxın perspektiv üçün Qərb üçün vacib oyunçuya çevrilir.

Bəs, bu məsələdə Azərbaycanın qazancı nədir?

Təbii ki, ölkəmizin əsas qazancı adı çəkilən bu və digər layihələrdə Aİ ilə Özbəkistan arasında ən əlverişli körpü olmasıdır. Nəzərə alaq ki, Qərb Rusiya ilə düşmən münasibətindədir. Bu münasibətin dəyişəcəyi də yaxın zaman üçün inandırıcı deyil. Ona görə də Aİ çalışacaq ki, Özbəkistanın mineral ehtiyatlarını Azərbaycan üzərindən Avropaya daşısın.  

Maraqlıdır ki, bu məsələdə Qərb vaxt itirmək istəmir. Məsələn, Avropa Komissiyasının sədri Ursula fon der Leyen parlamentdəki çıxışlarının birində deyib:

"Tezliklə litium və nadir torpaqlar neft və qazdan daha vacib olacaq. 2030-cu ilə qədər nadir torpaqlara olan tələbatımız 5 dəfə artacaq. Biz yenidən asılı olmaqdan qaçmalıyıq. Necə ki bu səhvi neft və qazla etdik”.

Xatırladaq ki, Qərbin Rusiyadan neft-qaz asılılığından xilas edilməsində Azərbaycanın müstəsna rolu var. Növbəti hədəfsə Azərbaycanın Aİ-ni mineral ehtiyatlardan asılılığını minimuma endirməkdir.

Beləliklə, Azərbaycan daha bir beynəlxalq layihədə Avropaya və dost Özbəkistana yardımçı olur. Bu həm iqtisadi dividenddir, həm də siyasi alət. Zaman gələcək, Azərbaycan bu nəqliyyat dəhlizləri vasitəsilə həm Avropaya, həm də Asiyaya öz şərtlərini diqtə edəcək.

Surxay Atakişiyev, Bizim.Media

 

Seçilən
111
50
Mənbələr
Şərh ()
Bağla