“COP29-un əsas öhdəlikləri var. Burada müzakirə olunacaq məsələlərin nədən ibarət olduğu da hər kəsə bəllidir. Bu məsələrdən biri kainatı qarşıda gözləyəcək təhlükələrin qarşısını almaq üçün iqlim, maliyyə problemlərini həll etməkdir. Eyni zamanda dövlətlər arasında bəzi öhdəliklər götürüləcək ki, həqiqətən bu proseslərə töhfə versinlər. Əslində məqsəd hansısa dövlətlərin maraqlarından çox ümumi Yer planetinin problemini, gələcək taleyini həll etmək, gələcək nəsillərə təhlükəsiz planet ötürməkdir. Təbii ki, biz də istəyərdik, COP29 ərəfəsində hər şey super, istədiyimiz kimi olsun, regionda dayanıqlı sülh əldə edilsin. Bunun üçün hətta Azərbaycan tərəfindən təşəbbüslər irəli sürülmüşdü. Biz istəyirik ki, COP29 ərəfəsində, ümumiyyətlə, dünyada müharibələr dayandırılsın, bir güllə belə atılmasın. Ancaq gəlin görək, digər dövlətlər buna dəstək olurlarmı? Görürsünüz, onların öz maraqları var”.
Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Naqif Həmzəyev “İctimai TV”də yayımlanan “Diqqət mərkəzi” verilişində deyib.
O bildirib ki, Azərbaycan sülhün əldə olunması üçün mümkün alətləri işə salıb: “Sülhü istəməyən Ermənistandır. Sülh mətnindən razılaşdırılmayan maddələri çıxarıb, Azərbaycana sanki qeyri-adi iş görübmüş kimi sənəd hazırlayıb göndərən də Ermənistandır. Dövlətlərə, ölkələrə “demokratiya”, “xoşbəxtçilik”, “sosial rifah” sözü verib, o dövlətlərdə inqilab edən, orada uzun müddət fəaliyyət göstərən ABŞ İraqa, Suriyaya, Əfqanıstana nə verdi getdi? İndi həmin dövlətlərdə bu sadaladığımız əlamətlər varmı? Ümumiyyətlə, o xalqlar xoşbəxtdirlər? Təbii ki, xeyr. Biz baş verən bütün hadisələri anlayırıq. Yarımçıq sülhü imzalamağa məcbur ediliriksə, təbii ki, buna “yox!” deyəcəyik. Ermənistanda revanşist qüvvələr bu gün daha da aktivdirsə, əlbəttə, Ermənistanı təhdid olaraq görməyə davam edəcəyik. Nəyə görə Ermənistan öz Konstitusiyasına dəyişiklik etmək istəmir? Bu, xırda, sadə bir məsələdir. Həqiqətən də sülh istəyirsənsə, bizə qarşı ərazi iddian yoxdursa, dəyişiklik et. Özün deyirsən ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyıram və dəstəkləyirəm. Yaxud ATƏT-in Minsk Qrupu bizim üçün ölüb. Belə qurum yoxdur. Problemi artıq özümüz həll etmişik. Ermənistan niyə bu təkliflə çıxış etmir? Sual yaranır. Deməli, ABŞ və Ermənistanın digər havadarları imkan vermirlər ki, Ermənistan az da olsa, müstəqil siyasət yeritsin və regionda digər dövlətlərlə xoş münasibətlər qursun. Çünki belə bir addım atılacağı təqdirdə onlar Ermənistanı itirirlər. Ermənistanı itirmək isə Cənubi Qafqazı itirməkdir. Bu baxımdan, COP29-la Ermənistan-Azərbaycan məsələlərini qətiyyən qarışdırmaq lazım deyil. Xatırlayırsınızsa, Nikol Paşinyan Türkiyə Prezidenti cənab Rəcəb Tayyip Ərdoğanın andiçmə mərasiminə getdi. Halbuki Türkiyə və Ermənistan arasında hər hansı sənəd imzalanmayıb, sərhədlər açılmayıb. Paşinyan özündə cəsarət tapırsa, həqiqətən də Azərbaycanla sülh istəyirsə, COP29-a da gələ bilər. Sülh sənədi imzalanmasa belə. Buyursun, gəlsin, xoşməramlı addım atsın. Biz məmnuniyyətlə onun təhlükəsizliyini təmin etməyə hazırıq”.
Aytəkin Qardaşova