Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 12-də İrəvanda keçirilən “Sülh qovşağı” konfransında çıxış edib. Paşinyan Azərbaycan Respublikasının Qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinə (Sünik) nəzarətlə bağlı danışıb. O deyib ki, Zəngəzur dəhlizində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) nümayəndələrinə yalnız yolun monitorinqi funksiyası verilə bilər.
Paşinyanın açıqlaması Azərbaycan mətbautında, sosial şəbəkələrdə politoloqlar tərəfindən fərqli şəkildə təqdim olunub. Bəziləri qeyd edib ki, Paşinyan dəhlizə nəzarət funksiyasının Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə verilə biləcəyini deyib.
Bəs əslində Paşinyanın bu açıqlaması nəyi ifadə edir? Ermənistan Zəngəzur dəhlizilə bağlı israrından geri çəkilir?
Herbiand.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, onsuz da Rusiyanın sərhəd qoşunları 1992-ci ildən Ermənistanda yerləşib:
"Həmin qoşunlar elə Federal Təhlükəsizlik Xidmətinə tabedirlər. Sadəcə olaraq, Ermənistan hansısa səbəblərə görə "Zəngəzur dəhlizinə nəzarət Rusiya tərəfindən yox, Ermənistanın özü tərəfindən həyata keçirilməlidir" kimi müxtəlif bəyanatlar verirdi. Yenə də deyirəm, Rusiyanın sərhəd qoşunları 1992-ci ildən Ermənistandadır. Azərbaycanın isə mövqeyi ondan ibarətdir ki, Ermənistanın dəhlizə nəzarəti mümkün deyil. Ona görə də, hiss olunur ki, buna razılıq verilib. Əminəm ki, bu istiqamətdə məsələlər hansısa formada inkişaf edəcək".
Sabiq xarici işlər naziri Paşinyan tərəfindən verilən razılığın müvəqqəti olduğunu istisna etməyib:
"Hansısa bəhanə tapıb məsələni ləngidəcəklər. Məlum olduğu kimi, Ermənistan Zəngəzurdan keçən dəmiryol xəttini məhv edib. Həmin yolun bərpası bir müddət çəkəcək. Ona görə də Ermənistanın mövqeyinin dəyişib-dəyişməyəcəyini gözləmək lazımıdır. Hər halda mən inanmıram ki, ermənilər öz sözünə uyğun hərəkət edəcəklər. Bu məslədə tələsməyə ehtiyac yoxdur. Təhlükə var. Bu, ondan ibarətdir ki, Paşinyan ziddiyətli açıqlamalar verir. İndiki ilə sabahkı bəyanatı ziddiyyətli olacaq. Söhbət Ermənistanın Zəngəzur dəhlizinə nəzarətinin olmamasından gedir. Nəzarət hər hansı digər tərəfdə olsun ki, oradan keçən vətəndaşlarımız erməni aqressiyası ilə rastlaşmasınlar. Münaqişə başlayanda ermənilər yolu bağlayır, qatarlara daş atırdılar. Bu yolun fəaliyyəti təmin olunacaq. Çünki yolun açılması bizim üçün əsas məsələlərdən biridir. Azərbaycanın iki hissəsi arasında mütəmadi şəkildə bağlantı olmalıdır".