AZ

Niyə CV göndərsəniz də, iş tapa bilmirsiniz? – Mütəxəssis səbəbini izah edir

“Hər vakansiyaya müraciət etməməlisiniz”

İnsan Resursları üzrə mütəxəssis Məhəmməd Məhərrəmov Valyuta.az-a insanlara həmişə maraqlı olan bu sualı cavabladı. Onun sözlərinə görə, geri dönüş edilməməsinin birinci səbəbi iş axtaranların qarşılarına çıxan hər vakansiyaya müraciət etməsidir:

“İş axtaranlar bilik və bacarıqlarına uyğun olmayan, qarşılarına çıxan bütün vakansiyalara müraciət edirlər. Elə insanlar var ki, bir şirkəti izləyirlər və bütün vakansiyalarına müraciət edirlər. Bu, onun şansını aşağı endirir. Vakansiyanı, şərtləri oxumur, onların tələblərini qarşılayıb-qarşılamadıqlarına baxmırlar. Sadəcə müraciət edirlər. Bunu mən də etmişəm, çox insan da edib və hələ də etməyə davam edir. Çünki universiteti yeni bitirirlər, təcrübə yoxdur, hara olsa müraciət edib bir yerdən başlamaq istəyirlər. Məncə, ilk səhv oradan başlayır”.

“Vakansiyanın şərtlərinə diqqət etməlisiniz”

Məhəmməd bəy deyir ki, vakansiyaların şərtlərinə çox da əhəmiyyət vermədən, heç oxumadan CV göndərirlər. Geri dönüş olunmamasının səbəblərinə CV-nizin həmin vakansiyanın şərtlərinə uyğun olmaması daxildir:

“Bəzi elanlarda dil bilikləri tələb kimi qoyulur. Məsələn, xarici satın alma üzrə vakansiya varsa, ora dil bilikləri olmayan birinin müraciət etməsi və ya ingilis, rus dilini orta səviyyədə yazıb, müraciət etməsi onun şansını sıfıra endirir. Yəni vakansiya tələblərini tam ödədikdən sonra müraciət etməlidirlər. Şirkətlər vakansiya üçün elan verdikdə bəlkə də, minə yaxın CV gəlir, o elanlardan 50-70 CV uyğun olur”.

“Öz bacarıqlarınıza uyğun olan vakansiyalara müraciət edin”

Mütəxəssis bildirir ki, vakansiyanın tələblərinə qismən də olsa, uyğun olmalısınız:

“İş üçün müraciət etmək istəyən öz CV-sinə, bilik, bacarıqlarına baxmalıdır. Buna uyğun olaraq, vakansiyanın tələblərini oxuduqdan sonra, demirəm hər zama tam yüzdə-yüz ödəməsə də, qismən ödəməlidir. Bəzən şirkətlərdə namizəd tapmaqda çətinlik çəkdikdə və ya təcili işçi lazım olan hallarda vakansiyanın tələblərini yumşalda bilirlər. Bəzən elə olur ki, bir namizədin göstəricisi o qədər yüksək olur ki, digər zəif tərəflərinə güzəşt edə bilirlər”.

Bəs tək CV göndərməklə iş tapmaq olurmu?

M.Məhərrəmov iş tapmaq üçün CV göndərməkdən başqa yollar olduğunu da dedi:

“CV göndərərək işə qəbul olmaq işlə təmin olunmağın bir növüdür. Amma CV-dən başqa işə qəbul olmaq üçün variantlar da var. Bu referans ola bilər, könüllülük fəaliyyəti ola bilər. Və yaxud da təcrübə proqramlarına müraciət edə bilərsiniz. Hazırda bu metod çox istifadə olunur. Mən özüm də təcrübəçi olmuşam, daha sonra mütəxəssis və digər vəzifələrə qalxmışam. Bizdə də komandanın 60-70 faizi təcrübədən işə qəbul olan insanlardır. Bu formada işlə təmin oluna bilərlər”.

Seçilən
614
18
medianews.az

10Mənbələr