AZ

Ofis dizaynının iş performasına təsirləri: “Direktorun otağı iş məkanının mərkəzində yerləşməlidir”

Bəzi insanlar iş axtararkən işləyəcəyi ofisə də diqqət edir. Düşünürlər ki, ofisin rahatlığı, şəraitinin yaxşı olması, dizaynı vacibdir. Çünki belə bir fikir var ki, saatlarla işlənilən bir məkanda rahatlıq və şərait olmasa, iş mühitinə uyğun dizayn olmasa, bu işçilərin performansına da təsir edə bilir. Bəzi insanlar isə düşünür ki, işgüzar insan üçün məkanın fərqi yoxdur, hər yerdə, hər şəraitdə işləyə bilər. Bəs ofisin dizaynı işçilərə təsir edirmi?

İnsan Resursları üzrə mütəxəssis Aygün Hüseyn Valyuta.az-a ofisin dizaynının işçilərə təsirindən və doğru ofis dizaynının necə olmalı olduğundan danışdı. Onun sözlərinə görə, məşhur şirkətlər ofisin dizaynı üçün Çin nəzəriyyəsi olan “Fen-Şuy”dan istifadə edilər.
“Kifayət qədər nüfuzlu və uğurlu şəxsiyyətlər, həmçinin bir sıra məşhur şirkətlər öz ofislərini inşa edərkən, “Fen-Şuy” mütəxəssislərinə üz tuturlar. “Fen-Şuy”un əsas məqsədi müsbət enerji axınlarını axtarıb onları insanın xeyrinə istifadə etmək, həmçinin enerji balansına nail olmaqdır. Çin nəzəriyyəsinin üsul və praktikalarının istifadəsi nəinki ailədə və şəxsi həyatda, həmçinin işdə münasibətlərini yaxşılaşdırmağa kömək edir. İş münasibətlərini yaxşılaşdırmaq, əməkdaşların enerjilərini aktivləşdirmək üçün başlanğıc olaraq otaqların düzgün yerləşdirilməsindən başlamaq lazımdır. Təşkilatçılıq və idarəetmə bacarıqlarını daha da inkişaf etdirmək üçün ən yaxşı səmt şimal-qərb hesab edilir. Bu səbəbdən inzibati şöbələrin əməkdaşlarını bu istiqamətdə yerləşdirmək ən doğrusudur. Şərq istiqaməti yaradıcı insanları yeni layihələr yaratmağa sövq edir. Maliyyə işləri ilə məşğul olan şəxslər isə özlərini cənub-şərqdə daha yaxşı hiss edirlər. Ən əsası direktorun otağı iş məkanının mərkəzində yerləşməlidir”.

Aygün xanımın sözlərinə görə, iş otağının dizaynı zamanı rənglərə də diqqət etmək lazımdır.

“İş otağında istifadə edilən rənglər də çox önəmlidir. İş gününüzü keçirdiyiniz otağa diqqətlə baxın. Divarların rənginə diqqət edin, əgər divarın rəngi mavidirsə, bu artıq yaxşı əlamət deyil. Yalnız sarı, bej, açıq narıncı, xəfif yaşıl və zərif xaki rəngləri sizin işdəki əmək fəailiyyətinizə müsbət təsir göstərəcək. Bu səbəbdən, neytral rənglərə üstünlük vermək və aqressiv, parlaq rənglərdən (qırmızı, qara, bənövşəyi və s.) qaçmaq lazımdır”.

Bəlkə də, çox insan bu nüanslara diqqət etməyib. Heç düşünərdinizmi ki, iş masanızın belə yerləşməsi sizin performansınıza, enerjinizə təsir edə bilər. Aygün Hüseyn bildirdi ki, iş masasının necə yerləşməsi də az rol oynamır: “İş masanızı elə yerdə yerləşdirin ki, ofis mebelinin və ya divarın küncünə yönəlik olmasın. Yaxşı olardı ki, arxanız qapıya tərəf olmasın. Belə olan halda siz işə sərfəli etməli olduğunuz enerjinin çox hissəsini itirəcəksiniz. Həmçinin arxada pəncərənin olması da arzuolunan deyil. Bu zaman isə enerji sanki buxarlanıb gedəcək. Əgər masanın yerini dəyişdirmək mümkün deyilsə, pərdə və jalüzlərdən istifadə edin. Həmçinin pəncərənin qarşısına hündür otaq bitkiləri qoya bilərsiniz - bu, otağa rahatlıq gətirəcəkdir. Optimal yerləşmə - iş masanız qapıya doğru, ancaq qapı ilə birbaşa üzbəüz deyil, diaqonal olaraq yerləşməsidir. Arxanızda divar varsa, bu daha yaxşıdır. Divarda tısbağanın və ya dağ mənzərəsinin rəsmini asa bilərsiniz. İş karyerasına yeni başlayanlar üçün “Fen-Şuy” iş kreslosuna diqqət yetirməyi də məsləhət görür. Belə ki, kreslo qoltuqaltılı və bel hissəsi yüksək formada olmalıdır”.

Aygün Hüseynin sözlərinə görə, iş masanızın səliqəli olması işinizdəki nizamlılığı artıracaq: 

“Masada səliqə-səhman varsa, işlərinizdə də nizamlılıq olacaq. Bu səbəbdən iş yerinizi hər gün təmiz saxlayın, masanızın üzərində lazımsız kağız və toz yığılmaması üçün nəzarətdə saxlayın. Mütləq masanın səliqəli olmasına hər gün ən az bir neçə dəqiqə zaman ayırın”.

 

Nuray

Seçilən
546
18
valyuta.az

10Mənbələr