"Bilirsiniz ki, ölkəmizin dörd sərhədindən ikisi tamamilə bağlıdır. Mən Türkiyə və Azərbaycanla sərhədlərimizdən danışıram. Bizim daha iki sərhədimiz var: Gürcüstan və İranla. Təbii ki, bu iki sərhəd bizim üçün çox önəmlidir, əməkdaşlıq edirik. İki qonşumuz Gürcüstan və İranla yaxşı münasibətlərimiz var, amma Türkiyə və Azərbaycanla münasibətlərimizdə yeni dövr açmaq istəyirik.
AzNews.az İrəvan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda açıqlama verib. Erməni hökumətinin başçısı bildirib:
“Son illər biz Azərbaycanla sülh prosesində çox böyük irəliləyiş əldə etmişik. Bu irəliləyişi sizin üçün başa düşülən etmək üçün deyim ki, biz hazırda Azərbaycanla sülh müqaviləsi layihəsini müzakirə edirik. Həmin müqavilənin 17 bəndindən 15-i üzrə tam razılığa gəlmişik. Hələ yekun razılığa gəlməli olduğumuz iki bənd qalıb. Ümid edirik ki, bu prosesi mümkün qədər tez başa çatdıracağıq. Əlbəttə, biz Azərbaycanla ikitərəfli formatda işləyirik, lakin davamlı sülhə nail olmaq üçün müvafiq mühitin yaradılmasında beynəlxalq ictimaiyyətin diqqəti və dəstəyi çox faydalı olardı".
Nikol Paşinyan bildirib ki, Türkiyə ilə kifayət qədər fəal dialoq aparırlar:
"Son illərdə Türkiyə prezidenti ilə bir neçə görüş keçirmişəm. Biz bu yaxınlarda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində də görüşmüşük. Birinci mərhələdə sərhədlərimizi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açmaqla bağlı çox konkret razılaşmamız var. Ümid edirik ki, bu sazişin ən qısa zamanda həyata keçirilməsinə nail olacağıq. Bu istiqamətdə işləyirik".