5 fevral 2025-ci il tarixində PAŞA Holding və onun törəmə şirkətləri tərəfindən təşkil edilən, hüquq sahəsində peşəkarları, ekspertləri və texnologiya liderlərini bir araya gətirən “LEGIS Hüquq Forum”u uğurla başa çatıb.
Sözügedən forum Azərbaycanda bu silsilədən ilk tədbir olaraq, dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, həmçinin 500-ə yaxın hüquq peşəkarını bir araya gətirən tədbir olub.
Forumun məqsədi dövlət-özəl sektorları arasında hüquq mövzusu üzrə əməkdaşlığı daha da təşviq etmək, hüquq mütəxəssisləri üçün bilik mübadiləsi təşkil etmək, əsas qanunvericilik islahatlarını müzakirə etmək və mövcud hüquqi boşluqları dəyərləndirmək üçün dinamik bir platforma yaratmaq olub.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının Ədliyyə Naziri Fərid Əhmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Azərbaycan Respublikasının Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, PAŞA Holding-in Baş icraçı direktoru Cəlal Qasımov, eləcə də PAŞA Holding-in Qrup üzrə Hüquq və Komplayens Departamentinin direktoru Aytac Qasımova çıxış ediblər.
PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov çıxışında forumun əhəmiyyətini yüksək dəyərləndirib. "Ölkəmizdə ilk dəfə olaraq hüquq mövzusunda belə miqyasda keçirilir və bizim üçün bu forumun təşəbbüskarı və təşkilatçısı qismində çıxış eləmək həm çox sevindirici, həm də çox qürurverici haldır", - Cəlal Qasımov bildirib.
Qeyd edək ki, tədbir qlobal və yerli spikerlərin çıxışları ilə yadda qaldı. Forum çərçivəsində dövlət-özəl sektor əməkdaşlığının hüquqi aspektləri, arbitraj mexanizmlərinin artan rolu, hüquqi çərçivələrin gücləndirilməsi və texnologiyanın hüquq sahəsinə təsiri kimi aktual mövzular müzakirə edilib. Forum iştirakçıları arasında müasir hüquq sistemlərinin qarşılaşdığı çağırışlar və innovativ həll yolları üzərində dayanaraq, rəqəmsal ekosistemin inkişafı və hüquqla inteqrasiyası, eləcə də yeni texnologiyaların qanunvericiliyə təsiri mövzularında fikir mübadiləsi aparılıb.