Fələstinin HƏMAS hərəkatının liderləri hakimiyyətdən əl çəkib sürgünə getsələr, İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında müharibəni dayandırmağa hazırdır...
Poliqon xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb. Mənbələr bildiriblər ki, Netanyahu öz planını Vaşinqtona səfəri zamanı təqdim edib.
Nəşrin məlumatına görə, İsrailin baş naziri daha çox girovu azad etmək üçün HƏMAS ilə razılaşmanın birinci mərhələsini uzatmaq istəyir. Hazırda 33 nəfərin azadlığa buraxılması planlaşdırılır. Bunun müqabilində İsrail daha çox fələstinli məhbusu azad etməyə hazırdır, lakin onların dəqiq sayı verilmir.
ABŞ rəsmilərinin bildirdiyinə görə, Netanyahu açıq ifadə edib ki, sazişin birinci mərhələsi uzadılacağı təqdirdə, o, Qəzzada müharibəyə son qoyulması və çoxlu fələstinli məhbusların azad edilməsi barədə HƏMAS-a təklif təqdim edəcək. Bunun müqabilində o, HƏMAS-dan qalan girovları azad etməyi və Qəzza zolağında hakimiyyətdən əl çəkməyi tələb edəcək, liderləri, o cümlədən azad edilənlər üçüncü ölkəyə sürgünə göndəriləcək.
İsrailin yüksək rütbəli rəsmiləri HƏMAS-ın Qəzzaya mülki nəzarətdən imtina etməyə və yenidənqurma prosesinə görə məsuliyyəti Fələstin Administrasiyasına və ya müstəqil komitəyə təhvil verməyə razı olduğunu bildiriblər.
“Ancaq Fələstin hərəkatı dağılmağa hazır deyil”, deyə bir rəsmi qeyd edib.
Qeyd edək ki, İsraillə HƏMAS arasında atəşkəs yanvarın 19-da qüvvəyə minib. Birinci mərhələ 42 gün davam edəcək. İkinci mərhələ bütün qalan girovların azad edilməsini və müharibənin yekun başa çatması ilə bağlı müzakirələrin başlamasını əhatə etməlidir.
Poliqon.info