AZ

Dürante: “Ronaldo 1000-ci qolu vuranda, böyük bayram edəcəyik”

“Əl-Nəsr”in kommersiya direktoru Jordi Dürante hesab edir ki, Kristiano Ronaldo 1000-ci qolunu “Nəcd cəngavərləri”nin heyətində vura bilər.

Arena.az “Metaratings” dərgisinə istinadən, Dürantenin portuqal ulduz hücumçu ilə bağlı dialoqunu təqdim edir:

– Kristiano Ronaldonun simasında böyük bir ulduzun olduğu klubda çalışmaq nə dərəcədə çətindir?
– Çox sadə. O, klubdakı hər kəsə daha peşəkar olmağa və əcnəbilərin diqqətini bizə yönəltməyə kömək edir. Onun bütün iş proseslərində olması inkişafımıza təsir göstərir. Onun peşəkarlığı hər bir xüsusda özünü göstərir.

– O, 1000 qol göstəricisinə yaxındır. Necə düşünürsünüz, o, bu həddi aşa biləcək?
– Mən əminəm ki, o, “Əl-Nəsr”də çıxışı müddətində 1000-ci qolunu vuracaq. Biz bu münasibətlə böyük bir bayram təşkil edəcəyik.

Əlavə edək ki, Ronaldo 16 qolla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur. Portuqal ulduzun hesabında həmçinin 3 məhsuldar ötürmə də var. Ümumilikdə Ronaldo peşəkar futbolçu karyerasında vurduğu qolların sayını 924-ə çatdırıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 26 oyuna 24 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 90 oyun, 82 qol və 19 məhsuldar ötürmədən ibarətdir.

Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.

Ronaldo Portuqaliya yığmasının heyətində 215 oyuna 135 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

Seçilən
96
9
arena.az

10Mənbələr