Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az məlumat verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 21-ci turu çərçivəsində “Əl-İttifaq”la oyunun iştirakçısı olub.
“Əl-Nəsr” bu oyunda rəqibinə 2:3 hesabı ilə məğlub olub. “Nəcd cəngavərləri”nin kapitanı Ronaldo 90 dəqiqə meydanda olsa da, komandasına heç nə ilə kömək edə bilməyib.
Əlavə edək ki, Ronaldo 16 qolla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur. Portuqal ulduzun hesabında həmçinin 3 məhsuldar ötürmə də var.
“Əl-Nəsr” cari mövsümdə 21 oyuna topladığı 44 xalla çempionatın yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Səudiyyə Ərəbistanı Peşəkar Liqasına 52 xalla “Əl-İttihad” başçılıq edir.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 28 oyuna 24 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 92 oyun, 82 qol və 19 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.
Ronaldo Portuqaliya yığmasının heyətində 215 oyuna 135 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 40 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.