AZ

Kristiano Ronaldo Fatih Terimin komandasına qol vurdu - Video

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az məlumat verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 24-cü turu çərçivəsində “Əl-Şabab”la oyunun iştirakçısı olub.

“Əl-Nəsr” doğma meydanda baş tutan bu oyundan xal itkisi ilə ayrılıb – 2:2. “Nəcd cəngavərləri”nin kapitanı Ronaldo ilk dəqiqələrdən meydanda olsa da, 71-ci dəqiqədə əvəzlənib. Komandasının ikinci qolunu da 45+7-ci dəqiqədə Kristiano vurub. Amma türkiyəli mütəxəssis Fatih Terimin çalışdırdığı “Əl-Şabab” 67-ci dəqiqədə bərabərlik qolunu vurmaqla məğlubiyyətdən xilas olub.

Ronaldo 18 qolla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur. Portuqal ulduzun hesabında həmçinin 3 məhsuldar ötürmə də var.

“Əl-Nəsr” cari mövsümdə 24 oyuna topladığı 48 xalla çempionatın yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Səudiyyə Ərəbistanı Peşəkar Liqasına 58 xalla “Əl-İttihad” başçılıq edir.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 30 oyuna 26 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 94 oyun, 84 qol və 19 məhsuldar ötürmədən ibarətdir.

Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.

Kristiano Ronaldo Portuqaliya yığmasının heyətində 215 oyuna 135 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 40 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
69
8
arena.az

10Mənbələr