AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere “Sabah” – “Turan Tovuz” oyununda qeydə alınan mübahisəli epizodlara münasibət bildirib.
Arena.az xatırladır ki, Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində Masazırda keçirilmiş bu oyunda meydan sahibləri 2:1 hesablı əzmkar qələbəyə sevinmişdilər.
Amma Tovuz təmsilçisi bu matçdakı hakim qərarlarından narazı qalmışdı. Bunu matçdan sonra baş tutan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Kurban Berdıyev də dilə gətirmişdi. Üstəlik, “Turan Tovuz” matçdan sonra mübahisəli epizodlardan ibarət videomaterial yayaraq hakim qərarlarına etirazını bildirmişdi.
Frank De Blekere ilk olaraq paytax təmsilçisinin fərqləndiyi epizodu şərh edib. O, hakimin qayda pozuntusunu qeydə almadığını etiraf edib:
“58-ci dəqiqədə meydanın “Sabah”a aid hissəsində, künc bayrağının yanında top uğrunda mübarizə zamanı qayda pozuntusu baş verir, lakin hakim bunu qeydə almır və “Sabah”a (top meydanı yan xətdən tərk etdiyindən) yan xətdən oyunu bərpa etməyə işarə edir. Oyun yenidən bərpa olunur (yeni hücumun başlama fazası) və “Sabah” hücumun sonunda qol vurur. Bu situasiyada VAR baş vermiş və hakim tərəfindən qeyd edilməyən qayda pozuntusuna müdaxilə edə bilməz. Yan xətdən bərpa “Sabah”ın yeni hücumunun başlanğıc mərhələsidir”.
Hakimlər Komitəsinin sədri matçın sonlarına təsadüf edən epizod haqqında isə bunları bildirib:
“90+5-ci dəqiqə VAR müdaxilə edir. Qayda pozuntusu baş verir (“Sabah”ın oyunçusu rəqibini itələyir). Qol vurulduqdan sonra VAR hücumun başlama fazasını yenidən yoxlayır və qoldan öncə baş verən qayda pozuntusuna müdaxilə edir. Hakim epizoda baxdıqdan sonra “Sabah”ın vurduğu qolu ləğv edir. Hər iki halda VAR düzgün olaraq VAR protokoluna əməl etdi”.