İordaniya kralı II Abdullah ABŞ prezidenti Donald Trampla görüşü zamanı bir daha Qəzza zolağı və İordan çayının qərb sahilindən fələstinlilərin İordaniya və qonşu ərəb ölkələrinə köçürülməsinə qarşı çıxıb.
"Bu, ərəb ölkələrinin vahid mövqeyidir", - Abdullah X sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Vaşinqtona səfər zamanı “sabitlik, sülh və ümumi təhlükəsizlik naminə tərəfdaşlıq olaraq qalan İordaniyanın ABŞ ilə uzunmüddətli tərəfdaşlıq tarixi” müzakirə olunub.
ABŞ prezidentinin Yaxın Şərqdəki vəziyyətlə bağlı planlarını şərh edən İordaniya kralı qeyd edib ki, regionda sabitliyi təmin etməyin yeganə yolu “iki dövlətli həll yoluna əsaslanan ədalətli sülhdür”.
"Bu, ABŞ rəhbərliyini tələb edir. Prezident Tramp sülh adamıdır. O, Qəzza zolağında atəşkəsin təmin edilməsində mühüm rol oynayıb. Biz ABŞ-a və bütün maraqlı tərəflərə ona əməl olunmasını təmin etmək istəyirik", - Abdulla əlavə edib.
Yanvarın sonunda Tramp ərəb ölkələrini Qəzza zolağından daha çox qaçqın qəbul etməyə çağırıb və deyib ki, onlar anklavdan kənarda Fələstin ərəbləri üçün “bəlkə də sülh içində yaşaya biləcəkləri” evlər tikməlidirlər.
Fevralın 1-də Qahirədə keçirilən görüşdə Misir, İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı və Qətərin xarici işlər nazirləri belə bir perspektivi rədd ediblər. Birgə bəyanatda xarici işlər nazirləri “fələstinlilərin torpaqlarından köçürülməsinə və ya çıxarılmasını təşviq etməyə” qarşı çıxıblar.
Fevralın 4-də Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahunu qəbul edən Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Qəzza zolağına nəzarəti ələ keçirəcək və “bütün təhlükəli partlamamış bombaların və digər silahların zərərsizləşdirilməsinə” cavabdeh olacaq, sahil zolağı “Yaxın Şərqin rivierası”na çevriləcək. “Biz onu inkişaf etdirəcəyik, minlərlə iş yeri yaradacağıq ki, bu, bütün Yaxın Şərqin fəxr edə biləcəyi bir şey olacaq”, Tramp əlavə edib.
Fevralın 5-də dövlət katibi Marko Rubio Qvatemalaya səfəri zamanı bununla bağlı Trampın mövqeyinə aydınlıq gətirib. Dövlət Departamenti rəhbərinin sözlərinə görə, söhbət yalnız “insanların Qəzza zolağına qayıda bilməsi üçün evlərin, iş yerlərinin və bu kimi şeylərin bərpasına” dəstəkdən gedir. "Düşünürəm ki, bərpa etmək və bərpa üçün məsuliyyəti öz üzərinə götürməyi təklif etmək çox səxavətli bir addım idi,"o deyib.
Almaz Həsənli