ABŞ Prezidenti Donald Tramp ərəb ölkələrindən olan tərəfdaşlarından Qəzza zolağına dair fələstinlilərin anklavdan köçürülməsinə alternativ olacaq təkliflər gözləyir.
“Report” xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib.
Onun sözlərinə görə, bu məsələ Amerika administrasiyasının başçısının İordaniya Kralı II Abdullah ilə danışıqları zamanı müzakirə edilib.
“Kral fələstinlilərin yerində qalmasını və əlavə torpaqların yeni tikinti üçün istifadə edilməsini üstün tutur ki, bu da əvvəllər görünməmiş miqyasda yeni iş yerləri yaratmağa imkan verəcək. <...> Prezident Yaxın Şərqdə sülhün bərqərar olması ideyasına səmimi sadiqliyi qoruyub saxlayır. Regiondakı ərəb tərəfdaşlarımıza prezidentə təqdim ediləcək sülh planının hazırlanması tapşırılıb”, – o bildirib.