Bakı, TurkicWorld
"Qəzza Fələstinlilərə məxsusdur və Fələstin ərazilərinin ayrılmaz hissəsidir, biz Fələstin xalqının məcburi köçkünlüyünə qarşıyıq"
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Pekində keçirdiyi mətbuat konfransında Qəzzadakı vəziyyəti və ABŞ-ın keçmiş prezidenti Donald Trampın Fələstin xalqını köçürmə planını dəyərləndirib.
O, "Fələstin Fələstinlilər tərəfindən idarə olunmalıdır" prinsipinin Qəzzada müharibədən sonra yenidənqurma üçün əsas olması lazım olduğunu vurğulayaraq, hazırkı şəraitdə beynəlxalq ictimaiyyətin, xüsusilə də böyük dövlətlərin atəşkəs razılaşmasının həyata keçirilməsində konstruktiv rol oynamalı, humanitar yardım və yenidənqurma işlərini dəstəkləməli olduğunu qeyd edib.
Qeyd edək ki, fevralın 4-də Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında Tramp, ABŞ-ın Qəzza zolağına nəzarət edəcəyini və bölgənin sahibi olacağını bildirib.
Qəzzanın tamamilə dağıldığını qeyd edən Tramp, fələstinlilərin qonşu ölkələrdə, xüsusilə Misir və İordaniyada inşa ediləcək yeni yaşayış məntəqələrinə köçməsinin daha uyğun olacağını müdafiə edib.
Bundan əlavə, Tramp fələstinlilərin Qəzzanı tərk etməkdən başqa alternativlərinin olmadığını iddia edərək, bölgəni Yaxın Şərqin "Rivierasına" çevirmək istədiyini bildirib.