ABŞ prezidenti Tramp Ağ Evdə keçirilən imza mərasimində mətbuat mənsubları ilə gündəmi dəyərləndirib.
News24.az xəbər verir ki, Tramp Rusiya prezidenti Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə ayrı-ayrılıqda telefonla danışdığını və Rusiya-Ukrayna müharibəsinə son qoyulması ilə bağlı mühüm müzakirələr apardıqlarını bildirib.
Həm Putin, həm də Zelenski ilə üz-üzə görüşəcəklərini qeyd edən ABŞ prezidenti, "Əslində, onun (Putinin) bura gəlməsini gözləyirik, mən də ora gedəcəm, amma yəqin ki, Səudiyyə Ərəbistanında da görüşəcəyik. İlk dəfə Səudiyyə Ərəbistanında görüşəcəyik və nə edə biləcəyimizi görəcəyik. Bu müharibəni bitirmək istəyirik. Yəqin ki, ilk görüş kimi Səudiyyə Ərəbistanında görüşəcəyik" dedi.
"Prezident Putin və prezident Zelenski hər ikisi sülh istəyir. Mən də sülh istəyirəm. İnsanların öldürülməsini dayandırmaq istəyirəm", Tramp bu mövzuda sərt diplomatik proses içində olacaqlarını vurğulayaraq deyib.
Günel Məlikzadə