ABŞ prezidenti Donald Tramp deyib ki, o, Rusiya və Ukrayna arasında münaqişəyə son qoymağın yollarını müzakirə etmək üçün yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüşəcək. Məlumatı “Anadolu” verib.
Tramp jurnalistlərə bildirib ki, bu yaxınlarda Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə ayrı-ayrılıqda telefon danışığı aparıb. Onun sözlərinə görə, müharibənin dayandırılması ilə bağlı əsas məsələlər müzakirə olunub: “Biz Putin və Zelenski ilə şəxsən görüşəcəyik. Əslində onun (Putinin) bura gəlməsini gözləyirik, mən də ora gedəcəyəm. Amma yəqin ki, ilk görüş Səudiyyə Ərəbistanında olacaq, orada nələrin edilə biləcəyini görəcəyik. Biz bu müharibəni bitirmək istəyirik”.
O, həm Putinin, həm də Zelenskinin sülhə can atdığını vurğulayıb və əlavə edib: “Mən də sülh istəyirəm. Mən qətllərin dayandırılmasını istəyirəm”.
Tramp deyib ki, o, Ukraynanın NATO-ya daxil olmasını “qeyri-mümkün” hesab edir: “Ukraynanın NATO-ya üzv olmayacağını uzun müddətdir deyirlər. Məni narahat etmir. Onun alyansa daxil olması qeyri-mümkündür”.
Tramp vurğulayıb ki, ABŞ əvəzində heç nə almadan Ukraynaya 350 milyard dollardan çox pul verib. Gələcəkdə Vaşinqton Kiyevə dəstəyi davam etdirəcək, lakin nadir torpaq minerallarının tədarükü şəklində kompensasiya gözləyəcək.
P.ƏMİRCANOV
XQ