Bakı, 13 fevral, AZƏRTAC
Çin cümə axşamı ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Ukraynada müharibəyə sülh yolu ilə son qoyulmasını vurğulayan telefon danışığını alqışlayıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun Pekində jurnalistlərə bildirib: “Rusiya və ABŞ nüfuzlu böyük güclərdir və biz Moskva ilə Vaşinqtonun bir sıra beynəlxalq məsələlər üzrə kommunikasiya və dialoqu gücləndirdiyini görməkdən məmnunuq”.
Rəsmi Pekinin bəyanatı çərşənbə günü Trampın Putinlə məhsuldar söhbəti və təmasları davam etdirmək qərarından, həmçinin ABŞ Prezidentinin ukraynalı həmkarı Zelenski ilə danışığından sonra verilib.
Tramp daha sonra jurnalistlərə deyib ki, o, Putinlə Ukrayna sülh danışıqları üzrə tezliklə Səudiyyə Ərəbistanında görüşə bilər.
Çin XİN-in sözçüsü əlavə edib ki, Pekin həmişə dialoq və danışıqların böhranı həll etmək üçün yeganə əlverişli yol olduğuna inandığını və sülh danışıqlarını təşviq etməkdə israrlı olduğunu bildirib. “Biz böhranın sülh yolu ilə həllinə kömək edən bütün səyləri dəstəkləyirik”, -deyə o vurğulayıb.