AZ

İlon Mask "OpenAI"ı almaqdan imtina edəcək

Amerikalı iş adamı İlon Mask süni intellekt modeli "ChatGPT"nin qeyri-kommersiya strukturunun qorunacağı təqdirdə "OpenAI"ı satın almaq cəhdindən imtina etməyə hazır olduğunu açıqlayıb.

Valyuta.az CNN telekanalına istinadən xəbər verir ki, Mask "OpenAI"ı almaq üçün təklif etdiyi təxminən 97,4 milyard dollarlıq təkliflə bağlı mövqeyini dəyişib.

Maskın vəkillərinin Kaliforniya ştatında məhkəməyə təqdim etdiyi sənəddə bildirilib ki, əgər "OpenAI" İdarə Heyəti qeyri-kommersiya missiyasını qorumağa razılaşarsa və şirkət satışdan imtina edərsə, Mask təklifini geri çəkəcək.

Sənəddə həmçinin qeyd edilib ki, əks halda "OpenAI" eyni qiymətə şirkəti ala biləcək potensial alıcıya ödəyəcəyi məbləğ qədər təzminat ödəməlidir. 

Maskın rəhbərlik etdiyi investor qrupunun "OpenAI"ı almaq üçün təxminən 97,4 milyard dollar dəyərində təklif irəli sürdüyü iddia olunmuşdu.

"OpenAI"nin baş direktoru Sem Altman isə bu təklifi rədd edərək belə cavab verib: "Xeyr, təşəkkürlər, amma istəyirsinizsə, biz də "Twitter"i 9,74 milyard dollara ala bilərik".

İlon Mask "OpenAI"ın qeyri-kommersiya təşkilatı olaraq insanlığın rifahı naminə süni intellekt inkişaf etdirmək missiyasını pozduğunu iddia edərək şirkətə qarşı məhkəmə iddiası qaldırmış və onun təsis müqaviləsini pozduğunu bildirmişdi.

Buna cavab olaraq "OpenAI" Maskın 2017-ci ildə süni intellekt layihəsinin kommersiya yönümlü bir quruluşa çevrilməsini dəstəklədiyini göstərən bir sıra e-poçt və mesajlar yayımlamışdı.

Mask ilə Altman arasında baş verən yazışmaların ekran görüntüləri dərc olunarkən, Maskın 2017-ci ilin yayında "OpenAI"ın məqsədlərini irəli aparmaq üçün növbəti addımın kommersiya yönümlü bir quruluş olması lazım olduğunu şirkət rəhbərliyi ilə müzakirə etdiyi ortaya çıxmışdı.

Qeyd edək ki, ictimai rifah məqsədilə fəaliyyət göstərən şirkətlər də müəyyən dərəcədə mənfəət əldə etsə də, hüquqi olaraq cəmiyyət, ətraf mühit və ya müəyyən bir ictimai fayda üçün müsbət təsir yaratmaq öhdəliyi daşıyan qurumlar kimi tanınır.

Paşa Məmmədli

Seçilən
42
9
valyuta.az

10Mənbələr