AZ

“BU, HAMINI ŞOKA SALAN RAZILAŞMA OLACAQ” - Vensdən Kremlə ciddi xəbərdarlıq

Tramp administrasiyasından Ukrayna müharibəsi mövzusunda ziddiyyətli açıqlamalar gəlməkdədir. Trampın özü və ABŞ-nin yeni Müdafiə naziri Pit Heqsetdən fərqli olaraq, ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens Rusiyanın ünvanına sərt xəbərdarlıqla çıxış edib.

“AzPolitika” xəbər verir ki, C.D.Vens “The Wall Street Journal”a (WSJ) müsahibəsində Kremlin danışıqlardan və sülhdən yayınacağı təqdirdə ciddi şəkildə cəzalandırılacağını deyib. O qeyd edib ki, Putin müharibənin dayandırılması ilə bağlı danışıqlardan imtina edərsə, ABŞ hökuməti Rusiyaya qarşı sanksiyalar tətbiq edə və öz qoşunlarını Ukraynaya göndərə bilər. Onun sözlərinə görə, bu tədbirlər Putini Ukrayna ilə razılaşmaya sövq etmək üçün lazım ola bilər.

Amerika Vitse-prezidenti deyib ki, Ukrayna “suveren müstəqilliyə” malik olmalıdır. Putin Ukraynanın uzunmüddətli müstəqilliyinə zəmanət verən sülh sazişinə razı olmadığı təqdirdə ABŞ Moskvaya qarşı sanksiyalar tətbiq edəcək və hətta ola bilsin ki, hərbi əməliyyatlara başlayacaq.

Vens deyib ki, Donald Tramp danışıqlar zamanı müəyyən məsələlərlə bağlı fikrini dəyişə bilər. Onun vurğuladığı kimi, Vaşinqton Moskvanı cəbhədə deyil, danışıqlarda daha çox nailiyyət əldə edəcəyinə inandırmaq niyyətindədir və Moskva vicdanla danışıqlar aparmayacağı təqdirdə, ABŞ qoşunlarının Ukraynaya göndərilməsi variantı “masada qalır”:"İqtisadi təzyiq rıçaqları var və təbii ki, hərbi təzyiq rıçaqları da var".

Bununla yanaşı, Vens razılığın əldə ediləcəyinə əminliyini bildirib: "Düşünürəm ki, bu, bir çox insanı şoka salacaq bir razılaşma olacaq".

WSJ-nin də qeyd etdiyi kimi, Vensin bu bəyanatı bir gün əvvəl ABŞ-nin Ukraynaya qoşun göndərməyəcəyini deyən müdafiə naziri Pit Heqsetin bəyanatı ilə ziddiyyət təşkil etməklə yanaşı, ondan qat-qat sərt tonda edilib.

Xatırladaq ki, Heqset işğal edilmiş torpaqların qaytarılmasının və Ukraynanın NATO üzvlüyünün qeyri-real olduğunu bəyan etmişdi. Bir neçə gün əvvəl isə Donald Tramp Rusiya və ABŞ arasında Ukraynanın taleyi ilə bağlı danışıqların aparılması perspektivini açıqlamışdı. Bu, avropalı və ukraynalı siyasətçilərin hiddətinə səbəb olub, onlar uzun müddətdir ki, ukraynalıların özləri, eləcə də onların avropalı müttəfiqləri olmadan Ukrayna ilə bağlı danışıqların mümkün olmadığını deyirlər.

Avropalılar tələb edirlər ki, Aİ və Kiyev müharibəni dayandırmaq üçün istənilən danışıqlara cəlb olunsun. Bundan sonra ABŞ tərəfi və Kreml Ukraynanın da danışıqlara cəlb olunacağına dair açıqlamalar verib.

“AzPolitika.info”

Seçilən
13
2
azpolitika.info

10Mənbələr