AZ

Rusiya-Ukrayna müharibəsində ABŞ maraq və qazanclarından, dividentlərindən çıxış edərək həll etməyə çalışır

Ukraynanın iştirakı olmadan münaqişənin həlli üçün Moskva və Vaşinqton arasında ikitərəfli danışıqların aparılması ukraynalılarla yanaşı, dünya birliyini də şoka salıb. Bu mənada Ukrayna prezidenti Vladimir Zelenskinin Tramp-Putin danışıqlarının nəticələrinə məyus və əsəbi reaksiyasını başa düşmək olar. O bildirib ki, Kiyevin iştirakı olmadan Ukrayna ilə bağlı hər hansı ikitərəfli danışıqların nəticələrini qəbul etməyəcək. Zelenski həmçinin, ABŞ prezidenti Donald Trampın ona zəng etməzdən əvvəl Rusiya lideri Vladimir Putinlə telefonda danışmasını olduqca xoşagəlməz hal kimi qiymətləndirib.

Göründüyü kimi Zelenski yeni reallıqları qəbul etmək istəmir və buna hazır deyil. Yeni reallıqları isə ABŞ-ın yeni prezidenti Donald Tramp diktə edir. Seçki kampaniyasının gedişində tez-tez “Öncə Amerika!” şüarını səsləndirən D.Tramp bu gün Yaxın və Orta Şərqdəki münaqişəni də, Rusiya-Ukrayna müharibəsini də ilk növbədə məhz ABŞ-ın maraq və qazanclarından, dividentlərindən çıxış edərək həll etməyə çalışır. Burada sözsüz ki, Trampın biznesmen keçmişi də kifayət qədər ciddi təsirə malikdir. O, hər şeyə mənfəət gözüylə baxır. Ukrayna məsələsi də Trampın baxış açısından ABŞ üçün böyük mənfəətlər əldə etmək imkanı yaradır.

Bu müharibəni dondurmaqla ABŞ həm Rusiyanı neytrallaşdıra və Çinə qarşı təzyiqləri artırmaq imkanı əldə edə bilər, həm də Ukraynaya dəstəyini davam etdirməsinin qarşılığında Vaşinqton Kiyevdən olduqca sərfəli zəmanət almağı düşünür. Söhbət ABŞ-ın Ukrayna ordusuna maddi və hərbi-texniki dəstəyinin əvəzində zəmanət olaraq Ukraynanın nadir torpaq sərvətlərini almaq planından gedir. Tramp açıq şəkildə bəyan edir ki, “beləliklə, biz pulumuz qarşılığında zəmanət alırıq. Biz pulumuz qarşılığında – onların nadir torpaqları, nefti və qazı və başqa çox şeyləri var ki, onları zəmanət olaraq alacağıq. Və biz pulumuza zəmanət istəyirik. Onlar buna razılaşıb. Ukrayna buna razılaşıb”.

Şübhəsiz ki, Tramp bu yolla Birləşmiş Ştatları Ukrayna müharibəsinin doğurduğu əlavə xərclərdən azad etməyə cəhd göstərir və eyni zamanda ABŞ-ın indiyə qədər Ukraynaya göndərdiyi böyük məbləğdə yardımları kompensasiya etməyə çalışır. Bunu Zelenski də başa düşür və ona görə də Trampın fürsətçi şərtləri ilə məcburən də olsa razılaşıb. Lakin bu razılaşmanın qarşılığında Zelenski də Trampdan etibarlı zəmanət istəyir. Zelenski özünün yeganə zəmanət tələbini vurğulayıb – Ukraynanın NATO-ya üzv olması və təhlükəsizlik təminatı. “Mən prezident Trampdan istəmişəm ki, bizə bu təhlükəsizlik zəmanətlərini versin, Ukraynaya kömək etsin, bizi gücləndirsin”,- Volodimir Zelenski deyib.

Lakin Trampla Putinin razılaşmasının üzə çıxan ilkin detalları isə onu göstərir ki, Zelenskinin tələb etdiyi bu zəmanətlər havadan asılı qalacaq və bu razılaşmanın son nəticəsində yeganə uduzan tərəf də məhz Ukrayna olacaq. Belə ki, nəticə etibarilə tərəflərdən biri (yəni ki, Rusiya) əraziləri götürür, o biri isə Ukraynanın sərvətlərini ələ keçirir. Ortada bədbəxt olan yeganə tərəf isə Ukrayna xalqı olur. Məhz buna görə də ABŞ prezidenti “Ukrayna 2014-cü il öncəki sərhədlərini unutsun və Rusiya ilə barışsın” deyir. Odur ki, Ukraynanın prezidenti “bizsiz anlaşma olmaz” desə də, lakin sonda ABŞ-sız Rusiyaya qarşı savaşı davam etdirə bilməyəcəyini anlayaraq, istər-istəməz Trampın şərtlərini qəbul etməli olacaq. Bu isə həm Ukraynanın, həm də ki, şəxsən Zelenskinin məğlubiyyətini təsdiqləyəcək. Və belə bir əzici məğlubiyyətin məntiqi nəticəsi kimi Zelenski atəşkəsin əldə edilməsindən dərhal sonra böyük siyasətdən gedəcək.

Beləliklə, Ukrayna xalqı torpaqları işğal olunmuş xalq taleyini yaşamağa başlayacaq. Bu, həqiqətən də acı sonluqdur. Vaxtilə biz də Birinci Qarabağ müharibəsindən sonra oxşar acıları yaşamışıq. Torpaqlarımız 30 ilə yaxın erməni işğalı altında qalıb. Lakin biz bu ağır sınaqdan üzüağ çıxmağı bacardıq. Prezident İlham Əliyevin uğurlu siyasəti və Ordumuzun rəşadəti sayəsində Qələbə qazanmağı, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməyi, separatçılığın kökünü kəsməyi bacardıq. Ümid edək ki, Ukrayna da nə vaxtsa öz ərazi bütövlüyünü bərpa etməyi bacaracaq. Azərbaycanın Zəfər tarixi separatçılıqdan və işğaldan əziyyət çəkən bütün xalqlar üçün ümid mənbəyidir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Seçilən
46
50
ictimairey.az

10Mənbələr