Əslində, Duginin dediklərində müəyyən həqiqətlər var. Belə ki, Avropada güclü nüfuz savaşı gedir və Ukrayna müharibəsi başlayanda bunun Rusiyaya yox, ABŞ-ın Avropaya qarşı olduğunu bildirmişdim. Çünki müharibənin bütün fəsadları ilə Avropa qarşı-qarşıya qalır və resursları xərclənir.Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Turab Rzayev rusiyalı ideoloq Duginin ABŞ və Rusiyanın ”nizam-intizamının qüvvəyə mindiyi bir vaxtda” Avropanın kənarda qaldığı haqda fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ABŞ təkcə Avropanı zəiflətmir, həm də Rusiyanı bu bölgədən tamamilə uzaqlaşdırır və bunun nəticələri göz önündədir: “Ukrayna müharibəsinin nəticəsi olaraq qiymət artımı, miqrant axını Avropanı çətin vəziyyətə salır, lakin bu prosesdən ABŞ faydalanır. Rusiyanın Avropaya satdığı qazın əvəzinə ABŞ öz sıxılmış qazını və silahlarını satır, hərbi istehsalını artırır. Faktiki olaraq ABŞ Avropanı öz himayəsinə girməyə məcbur edir və burada bazalarını gücləndirir. Bununla da Rusiya və AB arasında yaranmış strateji əməkdaşlığa zərbə vurur. Almaniya kansleri Herhard Şröderin dövründə yaranmış və Angela Merkelin dönəmində müəyyən qədər inkişaf edən yaxınlaşma mövcud idi. Bu prosesdə Avropa iqtisadiyyatı əsasən ucuz Rusiya qazına söykənirdi. Almaniyanın iqtisadiyyatı sürətlə inkişaf edirdi. Lakin Ukrayna müharibəsindən sonra Almaniya iqtisadiyyatı zəifləyib, ixrac imkanları məhdudlaşıb, mənfi iqtisadi göstəricilər müşahidə edilir. Avropa iqtisadiyyatının əsas lokomotivi hesab edilən Almaniya ciddi zərbə alıb. Bütün bunlar Ukrayna-Rusiya müharibəsinin nəticəsi kimi qiymətləndirilə bilər”. Politoloq hesab edir ki, ABŞ və Rusiya arasında yeni münasibətlər formalaşarsa, bu, Avropa Birliyində parçalanmalara səbəb ola bilər: “Tramp açıq şəkildə bildirir ki, biz Rusiya ilə barışa bilərik. Ola bilsin, bu danışıqlar həm Rusiya, həm də ABŞ üçün sərfəli olsun. Amma bu halda ABŞ Ukraynaya çəkdiyi xərclərin əvəzinə ölkənin zəngin metalları və təbii sərvətlərini mənimsəyəcək. Ukraynanın yenidən qurulmasını isə AB öz üzərinə götürəcək. Nəticədə müharibədən yenə də ABŞ qazanc əldə edəcək, Avropa isə müharibənin fəsadlarını aradan qaldırmaq üçün maliyyə xərcləməli olacaq. Avropa bu ssenaridən qaçmağa çalışır. Bu səbəbdən Makron Ukraynaya silah göndərmək niyyətindədir, silahlı dəstələr yaradacaqlarını və hətta lazım gələrsə, döyüşə gedəcəklərini bildirir. Lakin Avropada vahid liderlik yoxdur. İqtisadi cəhətdən Almaniya, siyasi-hərbi baxımdan isə Fransa liderlik etməyə çalışır. Bu isə AB daxilində vahid mərkəzin formalaşmasına mane olur. Son dövrlərdə AB nə Yaxın Şərqdə, nə də Ukrayna müharibəsində ciddi təsir imkanına malikdir. Demək olar ki, proseslərdən kənarda qalıb. Bu səbəbdən AB-nin mövqeyini bərpa etməsi çətin olacaq. Çinlə rəqabətdə də Avropa uduzur. Əvvəllər Avropa Çinə avtomobil ixrac edirdi, Çin isə Avropada ucuz mallarını satırdı. İndi isə vəziyyət dəyişib. Avropa Çinə avtomobil ixrac edə bilmir, əvəzində isə Çin ucuz avtomobillərlə həm daxili, həm də beynəlxalq bazarda Avropanı sıxışdırır. Hesab edirəm ki, AB bu münaqişədən çıxış yolu axtarmalıdır. Əks halda, birlik daxilində parçalanmalar baş verəcək və hər ölkə öz maraqlarını ön plana çəkəcək. Böyük Britaniya kimi, Almaniya və Fransa da gələcəkdə milli maraqlarını qorumaq üçün AB-dən çıxış yolunu nəzərdən keçirə bilər”.