AZ

Əziz Ələkbərli: “Somali ilə əmkdaşlıq Azərbaycan üçün yeni istiqamətdir”




“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari il fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata bəyanatla çıxış etmiş, bu ölkə ilə əlaqələrin inkişaf perspektivlərindən danışmışdır.
Cənab Prezidentin bəyanatından aydın olur ki, müasir dövrdə Afrika qitəsi dünya ölkələri üçün çox böyük maraq kəsb edir. Azərbaycan da Afrika ölkələri ilə, o cümlədən Somali ilə əməkdaşlıq etməkdə, eyni zamanda təbii qaz ixrac edən ölkə olduğu üçün Somali ilə energetika sahəsində ticarət əlaqələri qurmaqda maraqlıdır. İstehsal etdiyi məhsullar, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsi, müsəlman ölkəsi olması faktı, Azərbaycan və Türkiyəyə daha çox meyl göstərməsi Somalinin ölkəmizlə münasibətlərinin yaxınlaşmasına təsir edən amillərdir. Buna görə də gələcəkdə Azərbaycanın Afrikanın sabitlik olan digər ölkələri ilə əlaqələri genişlənə bilər.”
Bu sözləri aia.az-a müsahibəsində Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli söyləmişdir.
Müsahibimiz qeyd etmişdir ki, Azərbaycanın Mərakeş, Misirlə digər ölkələrlə müqayisədə çox yaxın əlaqələri var. Somali isə Azərbaycan üçün yeni istiqamətdir. Həmçinin TDT-nin sonuncu Zirvə toplantısında Afrika İttifaqı ilə TDT arasında əməkdaşlığın inkişafına dair müddəa qəbul olunub. Buna görə də Azərbaycan həm təşkilatın üzvü kimi, həm də dövlət maraqlarının təmin olunması baxımından Afrika ölkələri ilə əməkdaşlığı genişləndirməyi hədəfləyir. Azərbaycanın Somali ilə əlaqələri inkişaf etdirməsi ümumilikdə Afrika qitəsində əlaqələrin genişlənməsini davam etdirməsi ilə bağlıdır. Eyni zamanda Somali Azərbaycan üçün yeni bazardır. Bu, həmçinin, Afrika İttifaqı ilə TDT-nin yaxınlaşmasına da ciddi təsir göstərə biləcək amillərdən biri ola bilər.
Bütün bu və digər məsələlərə öz bəyanatında toxunan cənab İlham Əliyev qeyd etmişdir ki, “Müzakirə etdiyimiz və edəcəyimiz sahələr sırasında, düşünürəm ki, ən vaciblərindən biri təhsil sahəsidir. Bu gün həmin sahədə artıq ilkin nailiyyətlərimiz var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək.”
Əziz Ələkbərli bildirib ki, “Somali Federativ Respublikası ilə müdafiə sahəsində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Bu sahədə ölkələrimiz arasında əməkdaşlığa dair Sazişin imzalanması bunu sübut edir. Ölkəmizin başçısı da bu əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirərək bildirib ki, “Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. Həmin avadanlıq həm bizə lazımdır, həm də müasir müdafiə avadanlığına malik olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanıdır. Bir sözlə, düşünürəm ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır.”
Millət vəkili sonda qeyd edib ki, “bu əməkdaşlıq Azərbaycanın xarici siyasətdə ardıcıl mövqeyinin ifadəsidir. Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmizin həyata keçirdiyi siyasətin davamıdır. Həm iqtisadi, həm müdafiə, həm də humanitar sahədə əməkdaşlıq və eyni zamanda dostcasına yardım etmək, qazanılmış uğurları paylaşmaq ölkəmizin əsas priroritetlərindən biri kimi diqqəti cəlb edəcəkdir. Bu da sözü ilə əməli eyni olan ölkə rəhbərinin dünyaya və əməkdaşlığa fərqli yanaşma prinsiplərindən biri kimi tarixdə öz yerini tutacaqdır.”




Seçilən
96
50
aia.az

10Mənbələr