Azərbaycan Mərkəzi Bankı tərəfindən 12 investisiya şirkəti, 21 bank və 16 sığorta şirkəti olmaqla cəmi 49 maliyyə institutu arasında aparılan sorğu nəticələrinə görə, maliyyə sektorunda çalışan işçilərin 42%-ni qadınlar təşkil edir.
Day.Az Mərkəzi Banka istinadən xəbər verir ki, son 12 ayda işəgötürülənlərin 37%-ni qadın əməkdaşlar təşkil edib.
Qeyd edilib ki, Bank sektorunda qadınlar ümumi işçi heyətinin 39%-ni, son 12 ayda işə qəbul olunanların isə 34%-ni təşkil edir. Müqayisə üçün qeyd edək ki, keçən il ümumi işçi sayında qadınların payı 38% olub. Rəhbərlik səviyyəsində qadınların təmsilçiliyi daha aşağıdır. Departament və şöbə rəhbərləri arasında qadınların payı 21%, MŞ və İdarə Heyəti (İH) üzvləri arasında isə bu göstərici müvafiq olaraq 9% və 11%-dir. Gender müxtəlifliyinin nəzərə alınması ilə bağlı daxili tələblər yalnız 8 bankın sənədlərində əks olunmuşdur ki, bu da rəhbərlik səviyyəsində gender bərabərliyinin təşviqi üçün əlavə addımların zəruriliyini göstərir.
Məlumata görə, hal-hazırda investisiya şirkətlərində qadınlar ümumi işçi qüvvəsinin 44%-ni, ötən il yeni işəgötürülənlərin isə 32%-ni qadınlar təşkil edir. Bununla belə, qadınların rəhbər vəzifələrdə təmsil olunması üzrə faiz göstəriciləri daha aşağıdır. Belə ki, qadınlar şöbə və departament müdirləri kimi vəzifələrin 25%-ni tutsalar da, idarəetmənin yüksək səviyyələrində bu rəqəmlər daha da azalır. MŞ və İH vəzifələri üzrə qadınların təmsilçiliyi müvafiq olaraq 4% və 12% təşkil edir.
"Sığorta sektorunda qadınlar ümumi işçi heyətinin 43%-ni, son 12 ayda işə qəbul olunanların isə 47%-ni təşkil edir ki, bu da sektorda gender bərabərliyinin nəzərə alınması ilə bağlı müsbət trend hesab olunur. Həmçinin, departament və şöbə rəhbərləri səviyyəsində qadınların təmsilçiliyi 31%, DŞ və İH-də isə müvafiq olaraq 14% və 23% təşkil etməsi maliyyə sektorunun digər seqmentləri ilə müqayisədə daha qənaətbəxş göstərici hesab edilə bilər", - məlumatda bildirilib.