Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar tətil günlərinin sayı artırılıb.
İndex.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq Qərar verib.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Bununla 27 və 28 mart tarixləri qeyri-iş günləri olacaq. 29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür. Martın 30-31-də isə Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. Beləliklə, Novruz və Ramazan bayramları ilə bağlı tətil 12 gün davam edəcək. Yəni 20-31 mart tarixlərində Azərbaycanda iş günü olmayacaq.
Qeyd edək ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycanda qeyri-iş günüdür. Həmin gün şənbəyə düşdüyünə görə qeyri-iş günü avtomatik martın 10-a sürüşürdü. Sözügedən qərarla martın 10-u və aprelin 1-i iş günü hesab edilir.