"Tramp və Putin Ukrayna ilə bağlı hər şeyi artıq həll etmiş kimi görünür..."
Müharibənin dondurulması ilə bağlı danışıqlar döyüşləri dayandıra və yeni dünya nizamının əsasını qoya bilər.
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
Nəşr yazır ki, Ukrayna öz ərazisinin 20 faizini Rusiyaya verəcək, sülh isə Rusiya diktatoru Putinin sözü və ABŞ-ın iştirakı olmadan çoxmillətli qüvvələrin zəmanəti ilə təmin ediləcək. Əgər Rusiya yenidən hücum edərsə, nə ABŞ, nə də NATO bütövlükdə Ukraynanı müdafiə etmək öhdəliyini götürməyəcək.
"Alçaqlar", - belə bir plan haqqında eşidən bir britaniyalı hərbi rəsmisi amerikalılar barədə bildirib. "Bu cür tənzimləmənin açıq-aşkar riskləri bir yana, lakin Avropa rəhbərlərini şoka salan məqam odur ki, Tramp və Putin bununla bağlı heç kimlə məsləhətləşmədən razılığa gəlib", - nəşr yazıb.
Jurnalistlər xatırladıb ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ vitse-prezidenti Cey Di Venslə görüşsə də, bu, gecikmiş addım olub, çünki artıq Tramp və Putin arasında real razılaşmalar baş verib.
Sülh necə görünür?
Nəşrin qeyd etdiyinə görə, Pentaqon rəhbəri Pit Heqsetin təsvir etdiyi kimi müharibənin sonu belə olacaq: Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması "real deyil", Rusiya isə ələ keçirdiyi Ukrayna torpaqlarını geri qaytarmaq məcburiyyətində qalmayacaq. Bu o deməkdir ki, hər hansı sülh sazişi imzalanan anda cəbhə xətti olduğu yerdə dondurulacaq.
"Ona görə də hər iki tərəf üçün indi mümkün qədər çox ərazi ələ keçirmək məqsədilə qarşıdakı həftələr ərzində daha şiddətli döyüşlər aparmaq üçün ciddi stimul var", - nəşr vurğulayıb. Jurnalistlər ehtimal edir ki, ərazilərlə bağlı alver olacaq. Ukrayna Kursk vilayətində torpaqları Xarkov vilayətinin bir hissəsi ilə dəyişdirməyi təklif edə bilər, lakin buna baxmayaraq, Kreml yenə də Ukraynanın 20 faizini əldə edəcək.
Nəşr qeyd edib ki, ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq “Minsk-3"-ün olmayacağını desə də, Minsk razılaşmaları yeni müqavilənin döyüşən tərəflərdən nələri tələb edə biləcəyi barədə müəyyən təsəvvür yaradır. Əvvəlcə cəbhə xətti təmas xətti boyunca dondurulacaq və hər iki tərəf bu zonadan ağır silahları çıxarmağa borclu olacaq.
Avropanın təhlükəsizlik zəmanəti qeyri-mümkün görünür. NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen atəşkəs xəttinin qorunması üçün "50-100 min arası hərbçi tələb olunacağını" bildirib. Britaniya ordusunun keçmiş rəhbəri lord Dannatt isə öz ölkəsinin bu missiya üçün kifayət qədər hərbi qüvvə təmin edə biləcəyinə şübhə ilə yanaşıb.
Bununla əlaqədar jurnalistlər qeyd edib ki, müharibənin yenidən başlanmasının qarşısının necə alınacağı barədə ən başlıca sual Tramp tərəfindən hələ də cavablandırılmayıb. Britaniyalı hərbi rəsmilər amerikalıları sülhməramlı qüvvələrə hava dəstəyi verməyə inandırmağın mümkün ola biləcəyini, bunun müqabilində isə onların Ukraynanın təbii sərvətlərinə çıxış əldə edəcəyini bildirib.
"Bütün Avropa və dünya üçün bu, tarixi miqyasda olan məqamdır. Ancaq Trampın Putinlə telefon danışığının təsir yaratmadığı yeganə yer cəbhə xəttidir", - nəşr vurğulayıb. Xəndəklərdə baş verənlər Münhendə olanların heç bir əhəmiyyət daşımadığını göstərir. Minalatma komandiri Mixail deyib ki, Toretsk bölgəsində düşmən hələ də hücum edir, ukraynalılar isə onları saxlamağa çalışır. O, əlavə edib ki, rusiyalılar kifayət qədər canlı qüvvə və texnika toplayanda, "rəqs yenidən başlayır", - nəşr yazıb.
"Bəlkə də bu, böyük müharibənin taktikasıdır. Xəndəklərin hüdudlarından kənarda, bir əsr əvvəl olduğu kimi, böyük imperialist güclər bir araya gələrək sövdələşmə aparır və öz təsir dairələrini müəyyən edir. İndi, o zaman olduğu kimi, dünya gözləyir: nəticənin sabitlik, yoxsa fəlakət olacağını gözləyir", - nəşr vurğulayıb.