ABŞ hərbi yardımı azalda və Ukraynaya diplomatik kompromislərə getmə üçün təzyiq göstərə bilər.
Bu barədə “Report”a açıqlamasında ABŞ-dən olan jurnalist, təhlükəsizlik məsələləri üzrə analitik, hüquqşünas İrina Zukerman danışıb.
Ekspert Ukraynanın gələcəyi ilə bağlı fərqli strategiyaların olduğunu vurğulayıb:
“Onlar, çox güman ki, hazırda hərbi əməliyyatları məhdudlaşdıracaq, lakin mübahisəli əraziləri qeyri-müəyyən vəziyyətdə saxlayacaq demilitarizasiya və ya dondurulmuş münaqişə yanaşmasını nəzərdən keçirirlər. Əgər ABŞ bu yanaşmaya üstünlük versə, hərbi yardımı azalda və Ukraynaya diplomatik kompromislərə getməsi üçün təzyiq göstərə bilər”.
Müsahibin sözlərinə görə, ABŞ dəstəyini azaldarsa, Ukrayna artilleriya, hava müdafiə sistemləri və uzaqmənzilli silah çatışmazlığı ilə üzləşə bilər.
Mütəxəssis hesab edir ki, ABŞ və Avropa İttifaqı arasında iqtisadi mübahisələr dərinləşərsə, Avropanın hərbi müstəqilliyi arta, Fransa və Almaniya ABŞ-nin liderliyi olmadan alternativ müdafiə tədbirləri axtara bilər.
Ekspert, ümumilikdə, Rusiya-Ukrayna müharibəsinin sərhədlərinin genişlənməsi riskinin bir neçə əsas amildən asılı olduğunu söyləyib:
“Bunlara Qərb siyasətindəki fikir ayrılıqları, NATO-nun iştirakı, Rusiyanın hərbi strategiyası və digər bölgələrdəki potensial təxribatlar daxildir. Əgər Rusiya Polşa, Rumıniya və ya Baltik dövlətlərindəki NATO təchizat xətlərinin müharibəyə əhəmiyyətli təsir göstərdiyini düşünərsə, onlara qarşı gizli və ya birbaşa hərəkətə keçmə ehtimalı var”.
Onun fikrincə Rusiya Polşa və ya Rumıniya sərhədləri yaxınlığında hərbi karvanları hədəf alan məhdud zərbələr endirməyə cəhd göstərə bilər.
“ABŞ-nin nə qədər irəli getməyə hazır olduğu aydın olana qədər Rusiya Belarusdan ikinci cəbhə kimi istifadə etmək və ya NATO müttəfiqlərinə qarşı daha çox təzyiq göstərmək barədə qərar verməyəcək. Ssenarilərin tam şəkildə reallaşmağa başlaması üçün bir neçə ay vaxt lazımdır. Lakin hazırkı vəziyyət fonunda ehtimal olunur ki, Rusiya eyni zamanda bir neçə cəbhədə müharibəni davam etdirmək iqtidarında olmayacaq”.