Sam Altman ABŞ-də süni intellekt infrastrukturunu genişləndirməyə yönəlmiş 500 milyard dollarlıq "Stargate" təşəbbüsünə rəhbərlik edən şirkətlərdən biri olan "OpenAI"nin baş direktorudur. Lakin Altman bu şirkətdə birbaşa paya sahib deyil. Onun sərvətinin böyük hissəsi digər investisiyalardan gəlir.
Valyuta.Az "Investopedia"ya istinadən xəbər verir ki, "Forbes" jurnalına görə, Altmanın sərvəti təxminən 1,2 milyard dollar dəyərindədir.
Bəs Altman bu sərvəti necə qazanıb?
Altman, "Reddit"in ən böyük səhmdarlarından biridir və 2022-ci ilə qədər şirkətin idarə heyətinin üzvü olub.
ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının ("SEC") 2024-cü ilin fevral ayında təqdim etdiyi sənədə əsasən, Altman "Reddit"də 8,7% paya sahib olub. Mart ayında isə "Reddit"in ilkin kütləvi təklifindən (IPO) öncə bu məlumat açıqlanıb.
2024-cü ilin yanvar ayının sonuna olan məlumata görə, "Reddit"in bazar dəyəri 35,9 milyard dollar təşkil edib.
Altmanın digər investisiyaları arasında "Airbnb", "Uber", "Instacart", "Asana" və "DoorDash" kimi texnologiya şirkətləri var.
Bundan əlavə, "Forbes"in məlumatına görə, Altman "Stripe" şirkətinə və nüvə sintezi ilə məşğul olan "Helion" şirkətinə də sərmayə qoyub.
2024-cü ilin noyabr ayında "Bloomberg"in məlumatına əsasən, "Stripe" bir tender təklifi zamanı 70 milyard dollar dəyərində qiymətləndirilib.
Altman 2019-cu ildən isə "OpenAI" şirkətinə rəhbərlik edir, lakin 2023-cü ilin noyabr ayında "OpenAI"nin idarə heyəti onu vəzifəsindən azad edib. Cəmi bir həftə sonra isə o, yenidən şirkətin baş direktoru vəzifəsinə qaytarılıb.
Altman "OpenAI"də birbaşa paya sahib deyil. Bunun əvəzinə, o, "OpenAI"yə "Y Combinator" startap akseleratorunda tam zamanlı işləməyə başlamazdan əvvəl kiçik bir fond vasitəsilə dolayısı ilə investisiya edib.
Altman, "OpenAI"yə tam zamanlı qoşulmazdan əvvəl, "Y Combinator"da tərəfdaş kimi çalışıb və 2014-2019-cu illərdə bu təşkilatın prezidenti olub.
O, "OpenAI"nin baş direktoru olmamışdan əvvəl, "Tesla"nın baş direktoru İlon Mask ilə birlikdə 2015-ci ildə şirkətin həmtəsisçilərindən biri olub.
"OpenAI" ilkin olaraq süni intellektin bəşəriyyət üçün ən faydalı şəkildə istifadəsini təmin etməyə yönəlmiş qeyri-kommersiya tədqiqat şirkəti kimi fəaliyyətə başlayıb. Lakin 2019-cu ildə "OpenAI", idarə heyətinin nəzarət etdiyi "məhdud mənfəətli" bir kommersiya bölməsi yaratdığını elan edib.
"The New York Times"ın keçən il yaydığı məlumata görə, "ChatGPT" 2024-cü ildə "OpenAI"yə təxminən 2,7 milyard dollar gəlir gətirəcək.
Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında "OpenAI" 6,6 milyard dollar sərmayə cəlb edərək 157 milyard dollar dəyərində qiymətləndirilib.
Rəhim