Kiçik bir biznes ideyası ilə yola çıxan iki dost qısa müddət ərzində viral videolar sayəsində milyard dollarlıq şirkət olublar.
Yenicag.az “Hürriyet”ə istinadən xəbər verir ki, “Cirkul” adlı aromalı su şirkətinin həmtəsisçilərindən biri olan Qarret Vaqqoner keçmişdə parklanma işçisi (parkovşik) kimi işlədiyi və biznesi ayaqda saxlamaq üçün müxtəlif işlərdə çalışdığını açıqlayıb.
Futboldan biznesə: “Cirkul” necə yarandı?
“Cirkul”un qurucuları – Qarret Vaqqoner və Endi Qey kollecdə futbol oynayan iki dost olub. Onlar suyun dadını fərdiləşdirə bilən innovativ bir məhsul hazırlamaq ideyası ilə çıxış ediblər.
Florida mərkəzli bu şirkət 2022-ci ildə keçirilən maliyyə raundunda 1 milyard dollarlıq qiymətləndirmə əldə edib. Şirkət bu il “Super Bowl”da məşhur aktyor və komediyaçı Adam Devinin iştirak etdiyi 30 saniyəlik reklam yayımlaylıb.
“Cirkul” nə edir?
“Cirkul” suya xüsusi ləzzət qatan ətirli kapsullar istehsal edir. Bu kapsullar sayəsində suyu kalorisiz və şəkərsiz elektrolit içkilərə, enerji içkilərinə və çaya çevirmək mümkündür.
Şirkətin baş direktoru, 34 yaşlı Vaqqoner “Cirkul”u “Gatorade” kimi elektrolit içkilərlə “Crystal Light” kimi içki qarışıqları arasında bir hibrid kimi təsvir edir. Onun sözlərinə görə, bu məhsul idmançılar və uşaqlar üçün ideal seçimdir.
Vaqqoner biznesin ilk günlərində Kanadada peşəkar futbol oynayır və mövsüm aralarında “parkovşik”lik edərək dolanıb.
İdeya yeni deyil, amma uğur fərqlidir
“Cirkul”un ideyası tamamilə yenilikçi deyil. 2004-cü ildən bəri fəaliyyət göstərən “Nuun” suda həll olunan az şəkərli elektrolit tabletləri istehsal edir. 2012-ci ildə “Liquid IV” adlı başqa bir marka dar elektrolit toz paketləri ilə bazara daxil olmuşdu.
Buna baxmayaraq, Qey və Vaqqoner 2013-cü ildə Dartmut Kollecində keçirilən startap müsabiqəsinə qatılaraq ikinci yerə çıxıb və “Xalqın Seçimi” mükafatını qazanaraq 16 min dollar maliyyə əldə ediblər. Məzun olduqdan sonra məhsullarını dizayn etmək, investorlar tapmaq və istehsal prosesini öyrənmək üçün çalışmalarını davam etdiriblər.
Bahalı səhvlər və böyük qazanclar
İlk dizaynın uğursuz olması onlara 5 min dollara başa gəlib. Vaqqoner bu təcrübəni “O dövrdə bizim üçün olduqca bahalı bir dərs idi” sözləri ilə izah edir.
Şirkət 2017-2020-ci illər arasında iki maliyyə raundunda 7,5 milyon dollar investisiya cəlb edib və ilk məhsullarını 2018-ci ildə bazara çıxarıb.
“TikTok” sayəsində sürətli yüksəliş
Şirkətin əsas sıçrayışı “TikTok” sayəsində baş verib. Vaqqonerin sözlərinə görə, istifadəçilər “Cirkul” məhsullarını sınaqdan keçirib videolar paylaşmağa başlayıblar və bu da markanın sürətlə populyarlaşmasına səbəb olub.
2022-ci ildə “Walmart” mağazalarında satışa çıxarılan “Cirkul” məhsulları gözlənildiyindən daha sürətli satılıb. Hər mağaza üçün nəzərdə tutulan 7-8 həftəlik stok cəmi bir həftəyə tükənib.
Bu gün şirkətin Tampa və Solt Leyk Siti şəhərlərində 1000-dən çox işçisi və anbarı var. “PitchBookun” məlumatına görə, “Cirkul” indiyə qədər 100 milyon dollardan çox investisiya cəlb edib.
İki dostun kiçik bir ideyadan yola çıxaraq milyard dollarlıq şirkət yaratması, innovativ düşüncə və sosial medianın gücünün biznes dünyasında nə qədər təsirli ola biləcəyini göstərir./qaynarinfo