ABŞ-nin vitse prezidenti C.D. Vensin Münhen konfransındakı təhlükəsizlik üzrə çıxışı dünya Kütləvi İnformasiya Vasitələrinin əsas müzakirə obyektinə çevrilib.
Cənab D.Vens bu yüksək tribundadan Avropa İttifaqını öz ənənəvi dəyərlərindən, ABŞ ilə bölüşdüyü fundamental prinsiplərdən uzaqlaşmaqda ittiham edib və Avropa üçün gözlənilən xarici təhlükənin heç də Rusiyadan, Çindən və ya başqa hansısa bir ölkədən deyil, məhz Avropanın öz daxilindən gəldiyini diqqətə çatdırıb.
O, keçmiş Avropa komissarlarından birinin teleefirdən Ruminiyada keçirilən prezident seçkilərinin nəticələrinin yerli hakimiyyətə təzyiqlə ləğv etdirilməsindən, gərəkirsə bu nümunənin Almaniyada da təkrar olunmasından sevinclə danışmasından amerikalıların şoka düşməsini xatırladıb və bu faktın, özünü insan hüquq və azadlıqlarının qoruyucusu elan edən Avropa üçün yolverilməz olduğunu deyib.
Onun bu cıxışı demokratik dəyərləri, insan haqları ilə bağlı fundamental prinsipləri pozmaqda başqa ölkələri günahlandıran qoca Avropanın öz dəyərlərindən uzaqlaşmasına işarətlə yanaşı, ABŞ-nin xarici siyasət kursunda Avropa da daxil olmaqla, dünya hadisələrinə yeni yanaşmanı da əks etdirir. İkinci Dünya müharibəsindən sonra iqtisadi baxımdan zəifləmiş, çökmüş Avropanın dirçəldilməsində, sövet təhlükəsindən xilas edilməsində xüsusi yer alan, bu təhlükəyə qarşı yaradılmış hərbi, siyasi blok olan NATO-nun ağırlıq yükünü çiynində daşıyan ABŞ artıq bu yükdən qurtulmaq, iqtisadi resurslarını, siyasi gücünü bir araya gətirib dünyadakı dominantlığını yenidən bərpa etmək istəyir.
Bir sözlə, yeni Tramp administrasiyası öz dəyərlərindən uzaqlaşan Avropa İtifaqının, onun strukturlarını rüşvət, gəlir mənbəyinə çevirən, şişmiş Avropa bürokratıyasının nazı ilə oynamaq istəmir və vergi ödəyicilərinin hesabından bu strukturlara axan vəsaitləri ölkəsinin çiçəklənməsinə yönəltmək siyasəti izləyir. İpə-sapa yatmayan dəlisov Tramp Avropa üşün əsl başağrısına çevrilib. Öz qoşunlarını Avropadan, eləcə də Yaxın və Orta şərqdən geri çəkməyi planlayan Tramp administrasiyası bu ölkələri xarici təzyiqlərlə üz-üzə qoymaq qorxusu ilə hədələməklə yanaşı, bu ölkələrə qoyulan hərbi xərcləri azaltmaq, boğaza qədər girdabına batdığı xarici borclardan qurtulmaq istəyir. Onun fəaliyyətə başladığı ilk günlərdən Beynəlxalq İnkişaf Agentliyi, USAİD-in fəaliyyətini dondurması da nəzərdə tutulan xərclərdən can qurtarmaq üçündür.
Görünən odur ki, Amerika onillər boyu ağır yükünü çəkdiyi Qoca Qitəni öz ixtiyarına buraxmaqla, əsas gücünü onun üçün daha vacib olan Hind-Sakit okean arealına, rəqabət gücü ABŞ-ni ötmək üzrə olan Çinin sakit çağrışlarına cavab verməyə yönəldir.
Azərbaycanın Tramp administrasiyasından gözləntilərini isə, yaxşı olar bunu əlahəzrət zamanın öhdəsinə buraxaq. Hər halda Trampın birinci dönəm prezidentliyində ölkələrimiz arasında qurulan qarşılıqlı, faydalı münasibətlər, Bayden dövründə pozulsa da, verilən mesajlar bizə Trampın ikinci dönəm hakimiyyətində münasibətlərin münbit zəmin üzərində qurulmasından xəbər verir.
N.İsmayıl