Trampla Putin arasında telefon danışığı baş tutandan sonra, Avropada Trampın sülh danışıqlarına çox bədbin yanaşılıb...
Siyasi-şərhçi: “Donald Tramp Ukrayna münaqişəsinin həllini də biznes kimi görür və bu məsələdə Rusiyanı özünün biznes şəriki kimi təsəvvür edir”.
“Trampın sülh planı faktiki olaraq təcavüzkarın mükafatlandırılması və onu növbəti təcavüzkar addımlara ruhlandırmaq olacaq”.
Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Putin-Tramp münasibətlərini Poliqon-a şərh edərkən qeyd edib.
Məlumdur ki, ötən həftə Trampla Putin arasında gözlənilən telefon danışığı baş tutdu. İki liderin təmasından sonra Avropada Trampın sülh danışıqlarına çox bədbin yanaşılıb. Aİ-nin aparıcı ölkələri Trampı Avropanı və Ukraynanın sülh prosesindən kənarda saxlamasından narahatlıq ifadə edib və Trampın sülh planını 1938-ci il Münhen sazişi ilə müqayisə ediblər. Digər tərəfdən isə, bilirik ki, Putin danışıqlarda maksimalist şərtlər irəli sürüb.
Bəs, bütün bunlara baxmayaraq, Tramp və Putin əslində Ukraynanı bölüşdürərək sülhə nail ola biləcəklər? Masada Avropanın birbaşa iştirakı olmadan Ukraynada daimi sülhün mümkün olmasına ehtimal vermək olar?
Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.
Ərəstun Oruclu: “Ukraynanı bölüşdürdükdən sonra Putin Trampa təklif edəcək ki, gəl indi Avropanı bölüşdürək”.
Böyük Britaniya başda olmaqla, Almaniya, Fransa öz aralarında analaşa biləcəklərsə, bu üç ölkə bu vaxta qədər ABŞ-nin Ukraynada oynadığı rolu öz üzərlərinə götürə biləcəklərini vurğulayan ekspert Poliqon-a bildirib ki, bu zaman Trampın imkanları xeyrli dərəcədə məhdudlaşdırılmış olacaq və Tramp-Putin anlaşmasının əhəmiyyəti bir o qədər olmayacaq:
“Tramp administrasiyasının, başda Tramp özü olmaqla Rusiyaya loyallığı məlumdur. O da məlumdur ki, Donald Tramp ümumiyyətlə siyasətə, sülh məsələlərinə sırf alverçi mövqeyindən yanaşır. Adam alverçidir, onun adı var. Məsələn, Donald Tramp hesab edir ki, Qəzzadan 2 milyon insanı köçürmək lazımdır. Çünki orada hotellər, hansısa turist məkanı tikmək olar. Adam dərk etmir ki, onun bu ideyası, yəni fələstinliləri Qəzzadan köçürmək planı Adolf Hitlerin yəhudiləri Almaniyadan köçürmək planından heç nəylə fərqlənmir. Və işin tragikomik tərəfi də odur ki, bu plan Hitlerin planını soyqırım olaraq bütün dünyaya qəbul etdirən yəhudi dövlətinin plandır.
Birinci nəzərə almaq lazımdır ki, ABŞ-da belə bir iyrənc hakimiyyət formalaşıb. Təbii ki, Donald Tramp Ukrayna münaqişəsinin həllini də biznes kimi görür və bu məsələdə Rusiyanı özünün biznes şəriki kimi təsəvvür edir. Yəni burada siyasətdən yox, biznesdən söhbət gedir. Buna görə də, Rusiya və ABŞ arasında Ukraynanın bölüşdürülməsi ideyanın tamamilə real olaraq nəzərdən keçirirlər. Yəni kiməsə lazım deyil bu hansısa siyasi gedişdir, hansısa taktiki addımdır. Bu birbaşa Donald Trampın primitivliyinin göstəricisidir. Yəni Tramp nəyi deyirsə, o cür də düşünür.
İnsanlar onu tanımırlar, ona görə də, onun dediyi fikirlərin arxasında hansısa bir siyasi kontent axtarırlar. Amma Trampın fikirlərində heç bir siyasi kontent yoxdur. Dediyi kimi, Donald Tramp adi bir alverçidir. Onun başına yığdığı komanda da Putinin komandası ilə heç nəylə fərqlənmir. Hətta, bəlkə ondan iki baş da aşağıdır. Putinin komandasında heç olmasa dövlət təhlükəsizliyi məsələsində az çox təcrübəsi olan adamlar var. Donald Tramp isə komandasını faktiki olaraq küçədən yığıbdır. Onların hamısı da Rusiyaya loyaldır.
Ərəstun Oruclu: “Donald Tramp adi bir alverçidir. Onun başına yığdığı komanda da Putinin komandasından heç nəylə fərqlənmir”.
Belə bir şəraitdə Tramp-Putin münasibətlərindən hər cür anlaşma gözləmək olar. Bəs Avropa buna razı olacaqmı? Bəli, bu doğrudan da 1938-ci ildə Hitlerlə imzalanmış Münhen razılaşmasıdır və bu razılaşmadan qısa müddət sonra İkinci Dünya Müharibəsi başladı. Bunun başqa adı yoxdur. Bu məsələdə Putin Trampdan istifadə edəcək. Bundan sonra da, Putin Avropanı hədəfə alacaq. Bayden administrasiyası avropalıları bu barədə xəbərdarlıq edəndə avropalılar buna inanmırdılar. İndi Donald Tramp gəlib addımlarını atmağa başlayanda avropalılar inanmağa başlayıblar. Onlar başa düşürlər ki, təhlükə realdır.
Tramp buna nail ola biləcəkmi? Bunu mən bilmirəm. Dünən Britaniyanın müdafiə nazirini Trampın ünvanına çox kəskin fikirlər söylədi. Belə görünür ki, artıq Trampa qarşı Avropa səfərbər olunur. Nəzərə alaq ki, NATO-nun özü də Trampın mövqeyini qəbul etmir. Hərçənd NATO çərçivəsində hansısa bir konsensus, qərar qəbul olunması çətindir. Çünki orada qərarlar tamam başqa formatda qəbul olunur. ABŞ NATO-nun əsas dövləti sayılır və ABŞ mövqeyini NATO-ya zidd qoyacaqsa, NATO iflic olacaq, heç nə edə bilməyəcək. Buna görə, avropalıların bu yanaşma ilə razılaşacaqları inandırıcı görünmür.
Trampın sülh planı faktiki olaraq təcavüzkarın mükafatlandırılması və onu növbəti təcavüzkar addımlara ruhlandırmaq olacaq. Donald Trampın siyasəti buna xidmət edir.
Düşünürəm ki, Ukrayna-Rusiya savaşının növbəti mərhələsində Avropanın diqqətinin artmasının şahidi olacağıq. Təbii ki, Avropada Tramp sayağı siyasətçilər hakimiyyətə gəlməyəcəklərsə, belə olacaq. Amma bu təhlükə də var. Düzdür onlar hələ ki, hakimiyyəti götürmək səviyyədə deyillər, amma təsir etmək imkanları var. Məsələn, Almaniyadakı seçkilərdən sonra bu təsir arta bilər. Ən azı müəyyən dövrə qeyri-stabil vəziyyət yarada bilərlər. Bu da mümkündür. Bu halda da, əlbəttə, Avropanı iflic vəziyyətə sala bilərlər.
Ərəstun Oruclu: “Hətta, onlar Ukraynanı bölüşdürə bilsələr belə, bu sülh demək olmayacaq”.
Hər bir halda artıq görünən budur ki, Böyük Britaniya başda olmaqla, Almaniya, Fransa öz aralarında analaşa biləcəklərsə, bu üç ölkə bu vaxta qədər ABŞ-ın Ukraynada oynadığı rolu öz üzərlərinə götürəcəklər. Bu zaman da Trampın imkanları xeyrli dərəcədə məhdudlaşdırılmış olacaq və Tramp-Putin anlaşmasının əhəmiyyəti bir o qədər olmayacaq. Nəticə olaraq da, Ukraynanın iki alverçi arasında böldüşürlməsi mümkün olmayacaq. Ancaq Avropanın mövqeyini zəiflədə bilsələr, bu zaman Ukraynanın taleyi çox pis həll olunacaq.
Hətta, onlar Ukraynanı bölüşdürə bilsələr belə, bu sülh demək olmayacaq. Necə ki, 1938-ci ildə sülh olmayub, elə də burada sülh olmayacaq.
Birinci dünya müharibəsi bitəndə Böyük Britaniya və Fransanın etdiyi ədalətsiz bölgü olanda orada fransız ferdmarşalın məşhur ifadəsi olub. Həmin feldmarşal deyib ki, bu sülh deyil, uzaqbaşı iyirmi illik atəşkəsdir. Yəni adam peyğəmbərcəsinə dəqiqliklə deyib. Düzdür 20 ildən sonra Avropada ikinci böyük müharibə başladı.
Burada isə 20 ilə ehtiyac yoxdur. Ukraynanı bölüşdürdükdən sonra Putin Trampa təklif edəcək ki, gəl indi Avropanı bölüşdürək. Mənim buna zərrə qədər şübhəm yoxdur”.
Nərminə UMUDLU
Poliqon.info