AZ

Acı reallıq və Zelenskinin faciəsi: Keçmiş olsun...

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rüstəm Qaraxanlı yazır...
Üç ildir davam edən Rusiya-Ukrayna müharibəsinin çözümü gözlənilənlərin əksinə olaraq çox asanlıqla tapıldı: ölkəni iki hissəyə bölüb, təbii sərvətlərini ələ keçirdilər və bu da oldu aylardır anons edilən sülh planı. Rusiya haranı ilhaq etmişdi, - əlində saxlayacaq, ABŞ isə Ukraynanın zəngin və nadir faydalı qazıntıları üzərində hakim olacaq. Üstəlik, pərdəarxasında Moskva-Vaşinqton münasibətləri də sahmana salınacaq. Necə deyərlər, həm qurdlar toxdur, həm də... Bəs Kiyev bütün bunlarla razıdırmı? Bu sual heç kimi maraqlandırmır, indi gündəmin prinsipi budur: altda qalanın canı çıxsın.
Bu planın ilkin qaranquşları Donald Trampın andiçmə mərasimindən öncə görünməyə başlamışdı. ABŞ-nin yeni-köhnə prezidentinin yaxın ətrafından sızdırılan informasiyaya görə, Ukrayna Amerikanın bu üç ildə xərclədiklərinin əvəzini faydalı qazıntıları ilə kompensasiya etsə, Vaşinqton onun Rusiyadan müdafiəsini öz üzərinə götürmək barədə düşünə bilər. Ötən həftə Ağ Ev bu planın reallaşması istiqamətində əməli addımını da atdı - maliyyə naziri Skott Bessent Kiyevə gəldi və "sülh planı"nı Zelenskiyə təqdim etdi. 2022-ci ilin fevralında bunu təsəvvür etmək çətin olardı, ancaq gerçəklik budur - yüzminlərlə insan həyatına səbəb olmuş qanlı müharibənin çözümü hərbçilərə və diplomatlara deyil, maliyyəçilərə həvalə edilib. Mediaya sızan məlumatlara görə, Səudiyyə Ərəbistanında baş tutacaq Tramp-Putin görüşünün hazırlıqları və Ukraynanın müqəddəratını həll edəcək sənədin tərtib edilməsi üçün Kremlin formalaşdırdığı heyətin tərkibində də Trampı yaxşı anlayacaq, Qərbin nüfuzlu ali məktəblərinin məzunları olan rus iş adamları, maliyyəçilər var. Bu o deməkdir ki, döyüş meydanında və danışıqlar masası arxasında nə olacaqdısa olub, hərbçilər də, diplomatlar da öz işlərini görüblər, - indi son sözü iqtisadçılar deyəcəklər. Bu, həm də ona işarədir ki, az öncə Trampla Putin arasında keçirilmiş telefon danışığı Vaşinqtonda administrasiya dəyişikliyindən sonra ilk belə teletəmas deyil. Trampın inaqurasiyasından dərhal sonra Qərb mediasında tərəflər arasında əlaqənin baş tutması barədə xəbərlər dolaşırdı.
Ukraynanın geosiyasi hərraca çıxarılmasının son nöqtəsi Münhendə keçirilən ənənəvi təhlükəsizlik konfransında qoyuldu. ABŞ-nin vitse-prezindenti Vens əvvəl Avropa dövlətlərini sərt tənqid etdi, hətta onları demokratiya yolunu azmaqda suçladı, sonra isə başa saldı ki, Rusiya ilə döyüşmək istəyirsinizsə, bizdən kömək gözləməyin. Ardınca Ukrayna lideri ilə bir araya gəlib təbii sərvətlərin təhvil verilməsini sanksiyalaşdıran müqaviləni təqdim etdi. Təbii ki, Zelenski sənədi dərhal imzalamaqdan "boyun qaçırdı", ancaq bu naz-qəmzə nə vaxta qədər davam edəcək?
Münhendə baş verənlər Azərbaycan klassik kinosunun incisi, dahi Üzeyir bəyin şedevri əsasında çəkilmiş "O olmasın, bu olsun"dakı Məşədi İbadın dilindən yazılı öhdəliyin alınması səhnəsini xatırladır. Bu, Ukrayna xalqının üz-üzə qaldığı acı reallıq və Zelenskinin şəxsi faciəsidir...
Başqa sual budur ki, bu plan həqiqətənmi məhz Trampın ideyasıdır? Həm hə, həm də yox. ABŞ kimi superdövlətlərdə xüsusilə xarici siyasət addımları illərlə öncə müəyyən olunur və hakim qüvvənin kimliyindən asılı olmayaraq icra edilir. Sadəcə vasitələr və yanaşmalar fərqli ola bilər. Vaxtilə Liviyanın sabiq rəhbəri Qəddafi Obamaya yazdığı məktubda Amerika liderinin Afrikakökənli olduğuna işarə edərək "sən bizim övladımızsan" ifadəsindən istifadə etmiş və qarşıda "Ərəb baharı" kimi qlobal dəyişikliklərə səbəb olan addımdan vaz keçməyə çağırmışdı. Qəddafinin bu mesajı verməklə gerçəklik barədə nə qədər təsəvvürlü olduğu məlum deyil, ancaq o, hər halda proseslərin Obamadan asılı olmadığını bilməli idi.
İndi Ukrayna ilə bağlı icra edilən tədbirlərin Trampın xarici siyasət komandasının yazdığı ssenari olduğunu doqma kimi düşünmək sadəlöhvlük olardı. Dünyanın müxtəlif bölgələrindəki sərvətlərə yiyələnmək üçün həyata keçirilən kurs dəyişilməz olaraq qalır, sadəcə vasitələr fərqlidir: inqilablar, çevrilişlər, seçkilər və təbii ki, bu gün Ukraynanın başına gətirilənlər...
Səudiyyə Ərəbistanında masa üzərinə çıxarılacaq planın görünməyən məqamları şübhəsiz ki, Bayden administrasiyasının da gündəmində olub. Yoxsa hansı səbəbdən Vaşinqton müharibənin ilk ilində Ukraynaya silah vermirdi? Heç indinin özündə də Kiyevin istifadə etdiyi ABŞ istehsalı silahlar döyüş meydanında köklü dəyişiklik yaratmaq iqtidarında deyil. Nəyə görə Kiyevə edilən hərbi yardım istisnasız olaraq NATO üzvlərinin istifadəsindəki sovet və rus istehsalı outlet silah-sursatdan ibarət idi? Zelenskinin illərlə etdiyi F-16 çağırışları hansı səbəbdən qulaqardına vuruldu?
Bu suallar ukraynalılar üçün müəmmalı ola bilər, ancaq cavab çox sadədir: NATO üzvü olan Avropa dövlətləri Ukraynaya verdikləri köhnə silahın yerini nə ilə dolduracaqlar? Binqo! ABŞ hərbi-sənaye kompleksinin məhsulları ilə. Odur ki, izlənənlərin sırf yeni administrasiyanın planı olduğunu düşünmək, ən azı diletantlıq və siyasi naşılıq olardı. Həyatın dəyişməz qanunu var: suda batanın xilası ilk növbədə onun öz işidir. Bu prinsip elə siyasətdə də aktualdır. Keçmiş olsun...
Seçilən
67
50
oxu.az

10Mənbələr