1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Şirvan suvarma kanalının tikintisi ilə bağlı yaradılmış işçi qrupunun üçüncü iclası keçirilib. İclasda Şirvan suvarma kanalının tikintisi çərçivəsində görülmüş və plan üzrə nəzərdə tutulan işlər, Şirvan suvarma kanalının tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı torpaqayırma prosesində cari vəziyyət, yaranan maneələr və çətinliklər dinlənilib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.
Bildirilib ki, hazırda tikinti qrafikinə uyğun olaraq Şirvan suvarma kanalının, ümumilikdə, 40 kilometrə yaxın ayrı-ayrı hissəsində qazma, bəzi hissələrində beton üzlüyə alınma işləri aparılıb, eləcə də kanal üzərində müxtəlif təyinatlı hidrotexniki qurğuların tikintisinə başlanılıb. Bununla yanaşı, hazırda 6 rayon üzrə torpaqayırma işləri yekunlaşıb, qalan 2 rayonda isə davam etdirilir. Qrafikə əsasən, tikinti işlərinin 2027-ci ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.
İşçi qrupunda təmsil olunan dövlət qurumlarının nümayəndələri və dəvət edilən mütəxəssislər tərəfindən bu və gündəlikdəki digər məsələlər ətrafında geniş müzakirələr aparılaraq, işlərin daha sürətlə yerinə yetirilməsi istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, görülən işlərin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti 2024-cü il aprelin 8-də "Şirvan suvarma kanalının yenidən qurulması haqqında" Sərəncam imzalayıb.
65 ilə yaxın müddətdə istismar olunan Şirvan suvarma kanalının yenidənqurmadan sonra başlanğıcda sərfini saniyədə 78 kubmetrdən 180 kubmetrə, uzunluğunu 122.3 kilometrdən 204,3 kilometrə qədər artırmaqla Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, İsmayıllı, Ağsu, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarının, ümumilikdə 228 min hektar torpaq sahəsinin (onun 116 min hektarı yeni suvarılacaq torpaqlar) suvarma suyu, yaşayış məntəqələrinin isə içməli və məişət suları ilə təminatına, eləcə də Hacıqabul gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına nail olunacaq.
Sərəncamın icrasının vaxtında təmin olunması məqsədilə ADSEA tərəfindən keçirilən müvafiq satınalma prosedurlarına uyğun olaraq tikinti işlərinə 3 ayrı-ayrı şirkət cəlb etməklə, kanalın 4 fərqli hissələrində eyni vaxtda işlərə başlanılıb.
Tikinti işlərinin əlaqələndirilmiş şəkildə aparılması məqsədilə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanovun rəhbərliyi ilə İqtisadiyyat, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, eləcə də Şirvan suvarma kanalının xidmət sahəsində olan rayonların icra hakimiyyətlərinin nümayəndələrindən ibarət işçi qrupu yaradılıb.






